2021-ci ildə çevriliş yolu ilə hakimiyyəti ələ keçirən Myanma hərbi xuntası ölkədə davam edən vətəndaş müharibəsi fonunda seçkilər keçirməklə hakimiyyətini möhkəmləndirməyə çalışır. Lakin analitiklər və diplomatlar bu cəhdin uğur şansını olduqca zəif qiymətləndirirlər. Bu barədə “Reuters” yazır.
Xuntanın rəhbəri Min Aun Hlainq ötən həftə hərbi bazadan etdiyi çıxışda seçicilərə bazar günü keçiriləcək ümumi seçkilərdə ordu ilə əməkdaşlıq edə biləcək namizədlərə səs verməyi tövsiyə edib. Dövlətə məxsus media onun seçki dövründə “Tatmadau” adlanan silahlı qüvvələrlə işləyə bilən namizədlərin seçilməsinin vacibliyini vurğuladığını bildirib.
Bu açıqlamalar xuntanın döyüş meydanında əldə edə bilmədiyi nəzarəti seçki yolu ilə təmin etməyə çalışdığını göstərir. Məqsəd, həm ölkə daxilində silahlı müqavimətə baxmayaraq hakimiyyəti qorumaq, həm də beynəlxalq aləmdə legitimlik qazanmaqdır.
Səsvermə üç mərhələdə – bazar günü və yanvar ayında iki ayrı tarixdə – keçiriləcək. Lakin seçkilər Myanmanın 330 rayonundan yalnız 265-də baş tutacaq. Bu ərazilərdə də ordu nəzarəti tam və ya qismən təmin edir.
Beynəlxalq Böhran Qrupunun Myanma üzrə baş müşaviri Riçard Horsinin sözlərinə görə, hərbi idarəçiliyin mülki görüntü ilə davam etdirilməsi nə silahlı qarşıdurmanı, nə də vətəndaş müqavimətini dayandıra biləcək. Onun fikrincə, ölkə dərin siyasi və humanitar böhranda qalmaqda davam edəcək.
2020 və 2015-ci illərdə keçirilən seçkilərdə qalib gəlmiş Aun San Su Çjinin rəhbərlik etdiyi Milli Demokratiya Liqası (NLD) rəsmi olaraq ləğv edilib. Xuntaya qarşı mövqedə olan bir çox siyasi qüvvə seçkilərdə iştirak etmir.
Ölkə üzrə altı siyasi partiya mübarizə aparır. Onların arasında hərbi rəhbərliyin dəstəklədiyi İttifaq Həmrəylik və İnkişaf Partiyası (USDP) ən çox namizədə malikdir və seçkilərin əsas favoriti hesab olunur. Bu, Min Aun Hlainqin gələcəkdə formal olaraq mülki vəzifəyə keçməsinə zəmin yarada bilər.
Lakin siyasi analitiklər bildirir ki, USDP daxilində artıq formalaşmış siyasi fiqurlar mövcuddur və Min Aun Hlainqin prezidentliyə yolu avtomatik deyil. Bununla belə, onun real hakimiyyətinin qorunacağı gözlənilir.
Seçkilər həm də çevrilişdən sonra beynəlxalq aləmdə təcrid olunmuş Myanma hərbi rəhbərliyinin xarici legitimlik axtarışının bir hissəsi kimi qiymətləndirilir. Xüsusilə Çin bu prosesə dəstək verir. Lakin ASEAN, Avropa ölkələri və BMT daxil olmaqla bir çox beynəlxalq qurumlar seçkilərin azad və ədalətli olmadığını bildirir.
Böyük Britaniya bu həftə BMT Təhlükəsizlik Şurasında çıxış edərək qeyd edib ki, zorakılıq davam etdiyi və inklüziv dialoq olmadığı müddətdə “həqiqi seçkilərdən söhbət gedə bilməz”.
Buna baxmayaraq, xunta rəsmiləri seçkilərin xalqın iradəsini əks etdirdiyini iddia edir. Hökumət sözçüsü Zau Min Tun bildirib ki, seçkilər beynəlxalq ictimaiyyət üçün deyil, Myanma xalqı üçün keçirilir və xarici reaksiyalar əhəmiyyət daşımır.