Türkiyə Rusiyadan aldığı təbii qazın qiymətinin yüksək olduğunu bildirərək daha sərfəli təkliflər olmadığı təqdirdə idxalı azaltmağa davam edə biləcəyini açıqlayıb. Ankara Rusiya qazını daha ucuz alternativlərlə əvəz etməyi planlaşdırır.
MSNews.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar noyabrın 5-də İstanbulda jurnalistlərlə görüşündə danışıb. “Türkiye Today” nəşrinin məlumatına görə, nazir bu qərarın siyasi deyil, iqtisadi səbəblərlə bağlı olduğunu vurğulayıb.
“Rusiyadan daha az, ABŞ-dan isə daha çox qaz almağımızın səbəbi çox sadədir: məsələ siyasətdə deyil, qiymətdədir. Rusiya qazı həddindən artıq bahadır”, – deyə Bayraktar bildirib.
Nazirin sözlərinə görə, yüksək qiymətlər Türkiyəni daha ucuz və rəqabətqabiliyyətli təchizat mənbələri axtarmağa məcbur edir. Bununla belə, Ankara Rusiya qazından tamamilə imtina etmək niyyətində deyil. Qiymət fərqi davam edərsə, Rusiyadan alışların mərhələli şəkildə azalacağı gözlənilir.
“RBC” nəşrinin məlumatına əsasən, Rusiyanın Türkiyənin qaz idxalındakı payı 2006-cı ildəki 64 faizdən 2025-ci ilin əvvəlinə təxminən 37 faizə enib. Hazırda Azərbaycan Türkiyənin qaz idxalının təxminən 22 faizini, ABŞ isə 16 faizini təmin edir.
Türkiyə 2025-ci ildə ABŞ-dan 9,19 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib. Ankara Amerika şirkətləri ilə uzunmüddətli müqavilələr hesabına tədarük mənbələrini daha da şaxələndirməyi hədəfləyir.
Bayraktar həmçinin Türkiyənin yeni enerji strategiyasına əsasən, 2040-cı ilədək illik qaz tələbatının təxminən 57 milyard kubmetr səviyyəsində saxlanılmasının planlaşdırıldığını bildirib.