Uqanda ordusunun komandanı, prezidentin oğlu Muhoozi Kaineruqaba yenidən Türkiyə ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
Türkiyənin “Sözcü” nəşrinin xəbərinə görə, general sosial media hesabında paylaşım edərək Türkiyə şirkətlərinə verilən layihələrin yenidən nəzərdən keçirilməsini təklif edib.
Məlumata görə, Kaineruqaba konkret olaraq dəmir yolu tikintisi ilə bağlı layihələrin türklər əvəzinə Çin şirkətlərinə verilməsinin daha məqsədəuyğun ola biləcəyini bildirib. Onun sözlərinə görə, bu qərar ölkə üçün daha faydalı ola bilər.
Xəbərdə qeyd olunur ki, generalın bu açıqlaması qısa müddətdə sosial mediada geniş yayılıb və həm Türkiyədə, həm də digər ölkələrdə müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi bu fikirləri tənqid edərkən, digərləri bunu siyasi və iqtisadi baxımdan qiymətləndirib.
Qeyd edilir ki, Muhoozi Kaineruqaba daha əvvəl də sosial şəbəkələrdə mübahisəli və sərt bəyanatları ilə tanınıb. O, “72 saata Tehranı ələ keçirə bilərəm”, “Türkiyənin ən gözəl qadının istəyirəm” kimi absurd və avantürist fikirlər səsləndirmişdi.
Hazırda məsələ ilə bağlı Türkiyə və ya Uqanda hökumətlərindən rəsmi reaksiya verilməyib. Bununla belə, ekspertlər hesab edir ki, bu tip açıqlamalar daha çox şəxsi mövqe xarakteri daşıyır və rəsmi dövlət siyasətini əks etdirməyə bilər.