ABŞ Prezidenti Donald Tramp süni intellektin (AI) bundan sonra ölkəsinin rəsmi sənədlərində “superintellekt” (SI) adlandırılmasını istəyib. O, bu texnologiya sahəsində üstünlük qazanan ölkənin qlobal rəqabətdə həlledici mövqe əldə edəcəyini bildirib.
MSNews.az xəbər verir ki, Tramp bu açıqlamanı sentyabrın 22-də BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı səsləndirib. “Reuters”in məlumatına görə, ABŞ Prezidenti süni intellektin inkişafını məhdudlaşdıran tənzimləmələrə qarşı çıxaraq texnologiyanın genişləndirilməsini dəstəklədiyini bildirib.
Trampın sözlərinə görə, ingilis dilindəki “artificial” (süni) sözü bu texnologiyanın mahiyyətini düzgün əks etdirmir və onun saxta olduğu təsəvvürünü yaradır.
“Bu andan etibarən ABŞ-ın bütün sənədlərində və ümid edirəm ki, bütün dünyada daha dəqiq olan ‘super’ termini ‘süni’ sözünü əvəz edəcək. Superintellektin yeni dünyasına xoş gəlmisiniz”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti superintellektin inkişafını qlobal liderlik uğrunda rəqabətin əsas istiqamətlərindən biri kimi qiymətləndirib. O, ölkəsinin bu sahədə Çini xeyli qabaqladığını iddia edib və mövcud üstünlüyü qoruyacaqlarını vurğulayıb.
Tramp texnologiyanın potensial təsirinin Sənaye İnqilabını və internetin yaratdığı dəyişiklikləri üstələyə biləcəyini də bildirib. O, inkişafın qarşısını almaq niyyətində olmadığını, lakin mümkün risklərin Ədliyyə Nazirliyi və digər hüquq-mühafizə qurumları tərəfindən izləniləcəyini qeyd edib.
“Associated Press ”in məlumatına görə, Trampın çıxışından sonra ABŞ Dövlət Departamenti beynəlxalq təşkilatlarla əlaqələrə cavabdeh bölməsinin diplomatlarına bütün yazışmalarda “süni intellekt” əvəzinə “superintellekt” terminindən istifadə etməyi tapşırıb.
Bununla belə, texnologiya sahəsində “superintellekt” anlayışı artıq insan intellektini üstələyən sistemləri ifadə etmək üçün istifadə olunur. Bu baxımdan, Trampın təklif etdiyi termin dəyişikliyi süni intellektin mövcud elmi təsnifatı ilə eyni məna daşımır.