İsrailin Baş naziri Benyamin Netanyahu İran hakimiyyətinin zəiflədiyini və “sonunun yaxınlaşdığını” iddia edərək, İsrailin Tehranla bağlı qarşıya qoyduğu məqsədləri tamamlamaqda qərarlı olduğunu bildirib.
MSNews.az xəbər verir ki, Netanyahu sentyabrın 6-da Roş-Ha-Şana bayramı ərəfəsində hökumət iclasında çıxışı zamanı İranla bağlı sərt bəyanatlar səsləndirib. Bu barədə “The Times of Israel” və “The Jerusalem Post” məlumat yayıb.
Netanyahu İran rəhbərliyini zəif və hakimiyyətdə qalmaq uğrunda mübarizə aparan rejim kimi xarakterizə edib.
“İrandakı bu rejimin sonu yaxındır. O, zəifdir, həyatda qalmaq uğrunda mübarizə aparır, sarsılır. Amma hələ başa çatdırılmalı bir missiya var və biz onu yerinə yetirməkdə qərarlıyıq”, – İsrailin baş naziri deyib.
Onun sözlərinə görə, İran hakimiyyətinin süqutu Yaxın Şərqdə qüvvələr balansını və regionun gələcəyini ciddi şəkildə dəyişə bilər. Netanyahu bundan bir neçə gün əvvəl də İran hakimiyyətinin devrilməsini İsrailin əsas məqsədlərindən biri adlandırmışdı.
Baş nazir İsrailin hazırkı hərbi mövqeyini də yüksək qiymətləndirərək ölkəsinin əvvəlkindən daha güclü, rəqiblərinin isə daha zəif olduğunu iddia edib. O, ABŞ-la birgə həyata keçirilən əməliyyatların İranın nüvə və ballistik raket imkanlarına ciddi zərbə vurduğunu bildirib. “The Jerusalem Post”un məlumatına görə, Netanyahu İsraili hazırda Yaxın Şərqin ən güclü qüvvəsi adlandırıb.
Netanyahu eyni zamanda Tehrana xəbərdarlıq edərək, İranın İsrailə qarşı yeni hücuma cəhd göstərəcəyi halda ağır cavabla üzləşəcəyini söyləyib.
İran rəhbərliyinin yaxın zamanda süqut edəcəyi barədə Netanyahunun açıqlaması isə İsrail tərəfinin siyasi qiymətləndirməsi və proqnozudur. İran hakimiyyətinin süqutunun qaçılmaz və ya yaxın olduğuna dair müstəqil təsdiqlənmiş məlumat yoxdur.