Türkiyə Ukraynaya KORKUT hava hücumundan müdafiə sistemləri verib

Ukraynanın Türkiyədən az sayda KORKUT zenit-artilleriya sistemi aldığı bildirilir. Sistemlərin Rusiya dronlarına qarşı artıq döyüş şəraitində sınaqdan keçirildiyi və Kiyevin əlavə komplekslər almaqda maraqlı olduğu qeyd olunur.

81

Ukraynanın Türkiyənin ASELSAN şirkətinin istehsalı olan KORKUT zenit-artilleriya sistemlərini əldə etdiyi və artıq onları Rusiya hava hücumlarına qarşı döyüş şəraitində istifadə etdiyi bildirilir. Dəqiq say açıqlanmayıb.

MSNews.az xəbər verir ki, bu barədə “Middle East Eye”a istinad edən “Defense Express” məlumat yayıb. Mənbələrin sözlərinə görə, Ukrayna 2026-cı ilin əvvəlində Türkiyədən az sayda KORKUT sistemi alıb.

Ukraynalı rəsmilərdən biri sistemlərin artıq real döyüş şəraitində sınaqdan keçirildiyini və Rusiya dronlarına qarşı nəticə göstərdiyini bildirib. Onun sözlərinə görə, istismar zamanı bəzi çatışmazlıqlar üzə çıxsa da, onlar kiçik texniki dəyişikliklərlə aradan qaldırıla bilər.

Kiyev sistemlərin qiyməti uyğun olduğu halda əlavə KORKUT komplekslərinin alınmasında maraqlıdır. Bununla belə, mümkün yeni sifarişin miqdarı və qiyməti barədə məlumat verilməyib.

KORKUT ASELSAN tərəfindən hazırlanmış qısa mənzilli zenit-artilleriya sistemidir. Standart kompleks adətən üç özüyeriyən atəş maşını və bir komanda-idarəetmə maşınından ibarətdir. Sistem aşağı hündürlükdə uçan təyyarə, helikopter, pilotsuz uçuş aparatı və qanadlı raket kimi hədəflərə qarşı nəzərdə tutulub.

Klassik KORKUT variantı iki 35 mm-lik avtomatik top və proqramlaşdırılan hava partlayışlı sursatlardan istifadə edir. Bu, xüsusilə kiçik və orta ölçülü dronlara qarşı sistemin effektivliyini artırır.

Bununla yanaşı, Ukraynaya məhz hansı KORKUT variantının verildiyi tam dəqiqləşdirilməyib. “Defense Express” 25 mm-lik KORKUT 100/25 SB variantının da ehtimal edilən sistemlərdən biri ola biləcəyini qeyd edir, lakin bunu təsdiqlənmiş fakt kimi təqdim etmir.

Qeyd edək ki, ASELSAN hələ 2021-ci ildə KORKUT sisteminin Ukraynaya satışını təklif etmişdi. Müharibədən əvvəl razılaşma baş tutmasa da, tərəflər arasında müdafiə sənayesi üzrə əməkdaşlıq sonrakı illərdə davam edib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.