Türkiyədə mason təşkilatının rəhbərliyi uğrunda yaranan mübahisə məhkəməyə daşınıb. Türkiyə Azad və Qəbul Edilmiş Masonlar Dərnəyinin 42 illik üzvü Əli Rza Aralın növbədənkənar ümumi yığıncaq çağırışı etməsindən sonra onun loja fəaliyyətlərində iştirakı müvəqqəti qadağan edilib. Qərarı qanunsuz hesab edən Aral məhkəməyə müraciət edib.
MSNews.az xəbər verir ki, bu barədə Türkiyənin “A Haber” və “T24” nəşrləri məlumat yayıb. Mübahisə təşkilatın rəhbəri, İstanbul Bilgi Universitetinin sabiq rektoru Remzi Sanverin həbsdə olduğu dövrdə başlayıb.
Remzi Sanver 2025-ci ilin oktyabrında “Can Holding” ilə bağlı aparılan maliyyə araşdırması çərçivəsində həbs olunub. İstintaq holdinqin hesablarında 88 milyard türk lirəsi məbləğində şübhəli maliyyə əməliyyatları aparılması iddiası ilə əlaqəli olub.
Sanver ittihamları rədd edərək holdinqlə kommersiya əlaqəsinin olmadığını və universitetin idarəçiliyində müvafiq səlahiyyətlərə malik olmadığını bildirib. O, 2026-cı ilin iyununda azadlığa buraxılıb.
Sanverin həbsdə olduğu müddətdə təşkilat daxilində rəhbərlik səlahiyyətləri ilə bağlı fikir ayrılığı yaranıb.
Təşkilatın 42 illik üzvü Əli Rza Aral rəhbərlikdə səlahiyyət boşluğu yarandığını iddia edərək növbədənkənar ümumi yığıncağın keçirilməsi üçün İstanbul 12-ci Sülh Hüquq Məhkəməsinə müraciət edib.
Lakin bundan sonra Aralın özü intizam araşdırması ilə üzləşib.
42 illik üzvün lojaya girişi qadağan edildi
Təşkilatın Böyük Vəzifəlilər Şurasının 18 iyul 2026-cı il tarixli qərarı ilə Əli Rza Aral İstanbul Vadisi Şərəf Şurasına göndərilib.
Təşkilatın baş katibi Umur Çolqarın imzaladığı sənədə əsasən, araşdırma başa çatana qədər Aralın mason lojalarının toplantılarında iştirakına və təşkilatın binalarına girişinə qadağa qoyulub.
Əvvəllər təşkilatın Yüksək Şərəf Şurasında da fəaliyyət göstərmiş Aral qərarın əsassız olduğunu bildirərək İstanbul 47-ci Asliye Hüquq Məhkəməsində iddia qaldırıb.
Aral məhkəməyə təqdim etdiyi ərizədə növbədənkənar ümumi yığıncaq keçirilməsi tələbinə görə ona qarşı qərəzli münasibət göstərildiyini iddia edib.
O, həmçinin müdafiə hüququ təmin edilmədən barəsində məhdudlaşdırıcı qərar qəbul olunduğunu bildirib.
Məhkəmə üç nəfərlik ekspert heyəti təyin edib
Məhkəmə tərəflərdən təşkilatın nizamnaməsini, müvafiq yazışmaları və intizam araşdırmasına dair sənədləri təqdim etməyi tələb edib.
Əli Rza Aralın müvəqqəti hüquqi müdafiə tədbiri barədə müraciətini qiymətləndirmək üçün üç nəfərlik ekspert heyəti təyin olunub.
İş üzrə ilk məhkəmə iclası 6 yanvar 2027-ci il tarixinə təyin edilib. Hələlik Aralın məhdudiyyətlərin aradan qaldırılması barədə tələbi üzrə yekun qərar verilməyib.
Türkiyə masonluğunda əvvəl də mübahisələr yaşanıb
Türkiyədə mason təşkilatları daxilində rəhbərliklə bağlı fikir ayrılıqları əvvəllər də qeydə alınıb.
2003–2005-ci illərdə böyük ustad vəzifəsini icra etmiş Kaya Paşakayın rəhbərlik dövründən sonra təşkilatda maliyyə pozuntuları ilə bağlı iddialar irəli sürülüb.
Aparılan araşdırmaların ardından Paşakay və daha iki vəzifəli şəxs 2006-cı ilin martında mason prinsiplərinə zidd davranış əsas gətirilərək təşkilatdan xaric ediliblər.