Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının (UN Tourism) Baş katibi Şeyxa Əl Nuveysi qəbul edib. Görüşdə ölkəmizdə turizmin inkişafı, müasir turizm infrastrukturunun genişləndirilməsi və beynəlxalq əməkdaşlığın perspektivləri müzakirə olunub.
MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat yayımlanıb.
Görüş zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub. Ölkədə turizm sektorunun inkişafına dövlət səviyyəsində göstərilən diqqət və həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib.
Paytaxt Bakı ilə yanaşı, Azərbaycanın regionlarında da müasir turizm infrastrukturunun yaradıldığı xüsusi vurğulanıb.
Qeyd olunub ki, yeni turizm imkanlarının formalaşdırılması və ölkədəki sabitlik Azərbaycanın beynəlxalq turizm bazarında cəlbediciliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşdə Azərbaycanın turistlər üçün cəlbedici istiqamət olduğu bildirilib. Turizm sektorunun inkişafı üçün yaradılan şəraitin ölkənin beynəlxalq turizm əlaqələrinin genişlənməsinə töhfə verdiyi qeyd edilib.
Söhbət zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında gələcək əməkdaşlıq imkanları ətrafında da fikir mübadiləsi aparılıb.







