Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə mayın 28-də Xankəndi şəhərindəki Zəfər parkında ucaldılan Zəfər tağının önünə gül dəstələri düzüb. Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytı məlumat yayıb.
Dövlət başçısının Xankəndidə Zəfər tağını ziyarəti Azərbaycanın Müstəqillik Günü tədbirləri çərçivəsində baş tutub. Zəfər parkı Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbəni, ölkənin ərazi bütövlüyünün bərpasını və tarixi ədalətin təmin olunmasını simvolizə edən mühüm məkanlardan biridir.
Xatırladaq ki, Xankəndi şəhərindəki Zəfər parkının açılışı 2025-ci il dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilib. Parkın ümumi sahəsi 9 hektardır. Burada girişdən Zəfər tağına doğru 44 pilləkən salınıb, onların üzərində Vətən müharibəsinin gedişi, azad edilmiş yaşayış məntəqələri və 2023-cü il antiterror tədbirlərinin nəticələri barədə məlumatlar əks olunub.
Zəfər tağının hündürlüyü Vətən müharibəsinin davam etdiyi günlərin sayına uyğun olaraq rəmzi şəkildə 44 metr təşkil edir. Tağ 10 mərtəbədən və terrasdan ibarətdir, doqquzuncu mərtəbədə isə “Zəfər qalereyası” sərgi-nümayiş zalı yaradılıb.
Xankəndidə Zəfər parkının yaradılması həm Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsi, həm də işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin davamı baxımından mühüm əhəmiyyət daşıyır.



