Azərbaycanın U-15 futbol millisi Bakıda keçirilən FIFA Dünya Çempionatı və Festivalında növbəti qələbəsini qazanıb. Yığmamız oktyabrın 26-da İsrail millisini 3:1 hesabı ilə məğlub edərək turnirdə üçüncü qələbəsinə imza atıb.
MSNews.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi komanda İsrail yığması ilə Hövsan Yarış Kompleksinin 10A meydançasında qarşılaşıb.
Matça sürətli başlayan Azərbaycan millisi ilk altı dəqiqədə iki dəfə fərqlənib. Yusif Əlizadə 4-cü və 6-cı dəqiqələrdə rəqib qapısına yol taparaq dubl müəllifi olub.
16-cı dəqiqədə isə Qafar Babayev penaltini dəqiq yerinə yetirərək millimizin üçüncü qolunu vurub. Qarşılaşma 3:1 hesabı ilə Azərbaycanın xeyrinə başa çatıb.
Beləliklə, yığmamız turnirdə keçirdiyi dörd oyunun üçündə qələbə qazanaraq xal ehtiyatını 9-a çatdırıb.
Azərbaycan millisi əvvəlki qarşılaşmalarda Timor-Lesteni 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib, Avstraliyaya isə 1:3 hesabı ilə uduzub.
Növbəti rəqib Haitidir. Millimiz oktyabrın 26-da Bakı vaxtı ilə saat 18:15-də Hövsan Yarış Kompleksində Haiti seçməsi ilə qarşılaşacaq. Bu görüş qrupdakı yekun mövqeyin müəyyənləşməsi baxımından əhəmiyyət daşıyır.