Paraqvayda milli komandanın Almaniya üzərində tarixi qələbəsindən sonra 30 iyun istirahət günü elan edilib.
MSNews.az xəbər verir ki, Paraqvay Prezidenti Santyaqo Penya bununla bağlı fərman imzalayıb.
Paraqvay prezidentliyinin rəsmi məlumatına görə, dövlət başçısı 6280 saylı fərmanla 30 iyunu milli istirahət günü elan edib. Qərar Paraqvay millisinin 2026-cı il dünya çempionatında 1/8 finala yüksəlməsi münasibətilə qəbul edilib.
Məlumata əsasən, bu addım ölkə vətəndaşlarının tarixi qələbəni birlikdə qeyd etməsinə imkan yaratmaq məqsədi daşıyır. Rəsmi açıqlamada Paraqvay millisinin Almaniyanı mübarizədən kənarlaşdırması “idmandan daha böyük məna daşıyan hadisə” kimi qiymətləndirilib.
“Reuters” yazır ki, Penya fərmanı imzaladığı fotonu sosial şəbəkə hesabında paylaşıb. O, qələbənin Paraqvay xalqının xarakterini, inamını və heç vaxt təslim olmayan ruhunu əks etdirdiyini bildirib.
Paraqvay mediasında yayılan görüntülərdə prezidentin milli komandanın formasında, televiziya qarşısında oturaraq qələbəni izlədiyi və daha sonra istirahət günü ilə bağlı qərarı imzaladığı bildirilir.
“ABC Color” nəşrinin məlumatına görə, Penya “X” hesabında “Paraqvay heç vaxt təslim olmur” məzmunlu emosional paylaşım edib və istirahət günü qərarını azarkeşlərlə bölüşüb.