Novruzəli Yusubzadə: “Eyzenkot gəlsə, İsrailin təhlükəsizlik xətti dəyişməyəcək”

QAFSAM eksperti Novruzəli Yusubzadə Qadi Eyzenkotun siyasi yüksəlişini, Qəzza, İran, Haredilərin hərbi xidməti və Fələstin məsələsindəki mövqelərini təhlil edib.

55

İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ərəfəsində keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkot Baş nazir Benyamin Netanyahunun əsas siyasi rəqiblərindən biri kimi ön plana çıxıb. Lakin mümkün hakimiyyət dəyişikliyinin İsrailin İran, HƏMAS və Livan istiqamətindəki hərbi siyasətini kökündən dəyişəcəyi gözləntisi reallığı tam əks etdirməyə bilər.

QAFSAM eksperti Novruzəli Yusubzadə hesab edir ki, Eyzenkot daxili siyasətdə Netanyahudan daha mərkəzçi xətti təmsil etsə də, milli təhlükəsizlik məsələlərində kifayət qədər sərt mövqelərə sahibdir.

“Reuters” Eyzenkotu təhlükəsizlik siyasətində sərt xətti müdafiə edən, lakin Netanyahunun ifrat sağçı tərəfdaşlarından fərqlənən alternativ kimi xarakterizə edir. Eyzenkot 2015-2019-cu illərdə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi olub.

“Eyzenkotun siyasi profili çox vacibdir. Netanyahu getsə belə, İsrailin İran, HƏMAS və Hizbullahla bağlı təhlükəsizlik doktrinasının avtomatik şəkildə yumşalacağını düşünmək doğru olmaz”.

Şəxsi itkisi onun Qəzza mövqeyinə də təsir edir

Eyzenkotun oğlu Qal Meir Eyzenkot 2023-cü ilin dekabrında Qəzzada döyüşlər zamanı həlak olub. Bir gün sonra onun bacısı oğlu Maor Kohen Eyzenkot, 2024-cü ilin noyabrında isə digər bacısı oğlu Yogev Pazi Qəzzada öldürülüb.

Yusubzadənin fikrincə, bu şəxsi itkilər Eyzenkotun HƏMAS məsələsindəki mövqeyini də anlamaq üçün vacibdir.

“O, HƏMAS-ın hərbi imkanlarının tam sıradan çıxarılmasını və təşkilatın tərksilah edilməsini əsas şərt hesab edir. Buna görə Eyzenkotun hakimiyyətə gəlməsini Qəzzada avtomatik yumşalma kimi oxumaq düzgün olmaz”.

Eyzenkot özü də son müsahibəsində HƏMAS-ın tam tərksilahını Qəzzada müharibədən sonrakı siyasi və təhlükəsizlik nizamının əsas şərti adlandırıb.

Fələstin dövlətinə münasibəti dəyişib

Eyzenkot əvvəllər iki dövlətli həllə daha açıq yanaşsa da, 7 oktyabr hücumlarından sonra bu mövqedən uzaqlaşıb. Avqust ayında o, mövcud şəraitdə iki dövlətli həllin real olmadığını bildirib. Bununla belə, Qərbi Şəriədə E1 layihəsinin genişləndirilməsini və məskunlaşanların zorakılığını tənqid edib.

“Burada Netanyahudan fərq təhlükəsizlik məqsədində deyil, metodda görünür. Eyzenkot Fələstin dövlətinə qarşıdır, amma nəzarətsiz məskunlaşma və məskunlaşanların zorakılığının dövlət siyasətinə çevrilməsinə də qarşı çıxır”.

Haredilərin hərbi xidmətində sərt mövqe

Eyzenkotun Netanyahu ilə ən ciddi fikir ayrılıqlarından biri ultra-ortodoks yəhudilərin – Haredilərin hərbi xidmətə çağırılması məsələsidir.

O, ümumi hərbi xidmət prinsipini müdafiə edir və yalnız hər çağırış ilində ən yaxşı dini tələbələrin təxminən 3 faizinə istisna verilməsini təklif edir.

“Eyzenkotun daxili siyasətdə ən ciddi fərqləndiyi nöqtələrdən biri budur. O, ordunun yükünün cəmiyyət arasında daha bərabər bölüşdürülməsini istəyir və Haredilərin genişmiqyaslı hərbi xidmətdən azad edilməsinə qarşıdır”.

İran məsələsində fərq haradadır?

Yusubzadənin fikrincə, İran məsələsində Eyzenkotla Netanyahu arasında strateji məqsəddən daha çox üsul fərqi mövcuddur.

Eyzenkot İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasını İsrail üçün əsas təhlükəsizlik məqsədlərindən biri sayır və zərurət yaranarsa hərbi variantı tam istisna etmir. Bununla yanaşı, İran hakimiyyətinin hərbi əməliyyatla dəyişdirilməsini real məqsəd hesab etmir. Oktyabrın 13-də o bildirib ki, İran rejiminin dəyişməsi İran xalqının daxilindən gəlməlidir və bunu hərbi yolla əldə edilə biləcək məqsəd hesab etmir.

“Eyzenkot İranın nüvə imkanlarının qarşısının alınmasında sərtdir. Amma rejim dəyişikliyini hərbi strategiyanın məqsədi etmək istəmir. Burada Netanyahu və daha radikal sağ qüvvələrdən müəyyən fərq var”.

Livan xəttində isə sərtlik qalır

Eyzenkotun adı İsrailin Livan və Hizbullahla bağlı məşhur “Dahiya doktrinası” ilə də sıx bağlıdır. 2008-ci ildə Şimal Komandanlığının rəhbəri olduğu dövrdə Eyzenkot Hizbullahın hərbi fəaliyyət göstərdiyi yaşayış məntəqələrinə qarşı çox geniş hərbi gücdən istifadə ediləcəyini bildirmişdi. Bu açıqlamalar sonradan “Dahiya doktrinası” adlandırılan yanaşmanın əsas istinadlarından birinə çevrilib.

Yusubzadə hesab edir ki, buna görə İsrail siyasətində mümkün dəyişiklik daha çox daxili siyasi quruluşda hiss oluna bilər:

“Eyzenkotun formalaşdıracağı siyasi xətt Netanyahunun ifrat sağ tərəfdaşlarından daha mərkəzçi ola bilər. Haredilər, Qərbi Şəriədə qanunsuz məskunlaşmalar və dövlət institutlarının işləməsi kimi məsələlərdə ciddi fərqlər var. Amma söhbət İranın nüvə proqramı, HƏMAS-ın tərksilahı və Hizbullahdan gələn təhlükədən gedəndə təhlükəsizlik xəttinin böyük hissəsi davam edə bilər”.

Eyzenkotun Mərakeşdən İsrailə köçmüş ailənin övladı olması da onun siyasi profilini fərqləndirir. O, hökumət qurarsa, İsrail tarixində Mizrahi mənşəli ilk baş nazir ola bilər.

Yusubzadənin qənaətinə görə, buna görə mümkün Eyzenkot hökumətini “Netanyahudan sonra tamamilə başqa İsrail” kimi təsəvvür etmək yanlış olardı: daxili siyasətdə daha mərkəzçi və institusional xətt yarana bilər, lakin əsas regional təhlükəsizlik məsələlərində davamlılıq kifayət qədər yüksək qala bilər.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.