Azərbaycanın U-15 futbol millisi Bakıda keçirilən FIFA Dünya Çempionatı və Festivalının qrup mərhələsində son oyununu keçirib. Millimiz oktyabrın 26-da Haiti yığmasına 0:4 hesabı ilə məğlub olaraq qrupdakı mübarizəni 9 xalla üçüncü pillədə tamamlayıb.
MSNews.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi Azərbaycan millisi Haiti ilə Hövsan Yarış Kompleksində qarşılaşıb. Görüş rəqib komandanın dörd cavabsız qolla qalib gəlməsi ilə nəticələnib.
Azərbaycan millisi günün ilk qarşılaşmasında İsrail yığmasını 3:1 hesabı ilə məğlub etsə də, Haiti ilə görüşdə uğurlu nəticəni davam etdirə bilməyib.
Beləliklə, yığmamız AF qrupunda keçirdiyi beş qarşılaşmadan üçünü qələbə, ikisini isə məğlubiyyətlə başa vurub.
Millimiz qrup mərhələsini 9 xalla üçüncü yerdə tamamlayaraq “C” divizionuna vəsiqə qazanıb. Komanda burada turnirin 65–96-cı yerləri uğrunda mübarizə aparacaq.
Reqlamentə əsasən, Azərbaycan yığması oktyabrın 28–30-da daha beş pley-off qarşılaşmasında iştirak edəcək. Məğlub olan komandalar da yekun sıralamadakı mövqelərini müəyyənləşdirmək üçün oyunlarını davam etdirəcəklər.
Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalında 189 ölkənin komandaları iştirak edir. Turnir oktyabrın 30-dək davam edəcək.