“Fox Sports”-un Dünya Kuboku yayımında “IShowSpeed”-in Kriştianu Ronaldu ilə bağlı proqnozu studiyada maraqlı anlara səbəb olub.
MSNews.az xəbər verir ki, hadisə “Fox Sports”un FIFA Dünya Kuboku ilə bağlı yayımı zamanı baş verib. Studiyada Zlatan İbrahimoviç, Tyerri Anri və məşhur strimer “IShowSpeed” yer alıb.
“NDTV Sports”un məlumatına görə, “IShowSpeed” Portuqaliya millisinin və Kirştianu Ronaldunun Dünya Kubokunu qazanacağını bildirib. Bundan sonra Zlatan İbrahimoviç zarafatla onun mikrofonunu əlindən alıb və efirdən uzaqlaşmasına işarə edib.
Hadisənin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb. “Times of India” yazır ki, “IShowSpeed” efirdən uzaqlaşarkən də Ronaldunun turniri qazanacağını təkrar edib və “Siu baby” ifadəsini işlədib.
Bununla belə, “NDTV Sports” qeyd edir ki, görüntülərdə strimerin həqiqətən efirdən çıxarıldığını və ya yayımda iştirakına qadağa qoyulduğunu göstərən sübut yoxdur. Məlumatlara görə, epizod daha çox Zlatanın zarafat xarakterli reaksiyası və IShowSpeed-in şou xarakterli davranışı kimi qiymətləndirilib.
Sosial şəbəkələrdə isə Tyerri Anrinin reaksiyası və Zlatanın soyuqqanlı müdaxiləsi azarkeşlər arasında geniş müzakirə olunub.