Topçubaşovun arxivində mason lojasına aid məktub tapıldı

Əli Mərdan bəy Topçubaşovun şəxsi arxivində “Le Centre des Amis” mason lojasına qəbul məsələsinə aid məktub saxlanılır. Ünvan sahibinin adı göstərilmədiyi üçün sənədin məhz Topçubaşova göndərildiyini qəti söyləmək mümkün deyil.

118

Əli Mərdan bəy Topçubaşovun şəxsi arxivində “Grand Orient de France” mason təşkilatına daxil olan “Le Centre des Amis” lojasına qəbul məsələsinə aid məktub saxlanılır.

MSNews.az xəbər verir ki, “Bakı Araşdırmalar İnstitutu”  Tarix Araşdırmaları Qrupunun hazırladığı materialda sənədin Azərbaycan dilinə tərcüməsini təqdim edib.

Məktub Topçubaşovun şəxsi sənədləri arasında olsa da, mətn yalnız “Cənab” müraciəti ilə başlayır və ünvan sahibinin adı göstərilmir. Buna görə sənədin məhz Əli Mərdan bəy Topçubaşova ünvanlandığını qəti şəkildə söyləmək mümkün deyil. Onun Topçubaşovun arxivində qorunması yalnız belə bir ehtimal yaradır və siyasətçinin mason təşkilatına üzv olduğunu təsdiqləyən sübut hesab edilə bilməz.

Qovluqda məktubla yanaşı, doldurulmamış üzvlük ərizəsi və “Grand Orient de France” təşkilatına aid üç hissədən ibarət məlumat bukleti də yer alır. Buklet “Orden Şurasının Bəyannaməsi”, “Masonluq nədir?” və “Fransa Böyük Şərqinin Konventinin işləri” adlı bölmələrdən ibarətdir.

Məktubun tərcüməsini təqdim edirik:

Cənab,

Siz Frankmasonlar Cəmiyyətinə qəbul olunmaq istəyinizi bildirmisiniz.

Güman edə bilərik ki, atmaq istədiyiniz addım barədə kifayət qədər ciddi düşünmüsünüz. Lakin təşkilatımızın mahiyyəti sizə məlum olmadığından, ola bilsin ki, qərar verməyinizə kömək edəcək və sonradan yaranacaq peşmançılıqların qarşısını ala biləcək bəzi məsələlər haqqında kifayət qədər dəqiq məlumatınız yoxdur.

Buna görə həm sizin, həm də cəmiyyətimiz üçün mühüm olan bu məsələni nəzərdən keçirməyinizi asanlaşdırmaq, sizi öz xəyallarınızdan qorumaq və sonradan tərəfinizdən irəli sürülə biləcək iradlardan yayınmaq məqsədilə cəmiyyətimiz sizə gələcək öhdəlikləriniz, bəzi qərəzli mülahizələr və yanlış təsəvvürlər haqqında müəyyən qeydləri çatdırmağı özünə borc bilir. Eyni zamanda, cəmiyyətin sizdən nə gözləmək hüququna malik olduğunu və sizin ondan nə gözləyə biləcəyinizi bildirmək istəyirik. Gələcək rahatlığınız naminə sizi israrla hər cür tələskənlikdən çəkinməyə çağırırıq.

Frankmason olmayan şəxslərin birliyimizin məqsədi haqqında təsəvvürləri nə qədər müxtəlifdirsə, bir o qədər də yanlışdır. Bu təsəvvürlər müxtəlif dövrlərdə və müxtəlif ölkələrdə bizə qarşı şiddətli, çox vaxt hətta qanlı təqiblərə səbəb olmuşdur. Bizi gah deistlər və ya təriqətçilər, gah da dövlət üçün təhlükəli sui-qəsdçilər hesab etmişlər. Halbuki bütün etiqadlardan olan hörmətli ilahiyyatçılar və din xadimləri, müxtəlif dövlət quruluşlarında yüksək mövqe tutan nüfuzlu hakimlər, şahzadələr və hətta krallar birliyimizin üzvləridir və öz iştirakları ilə bizi təqibə məruz qoyanların ədalətsiz qərəzlərini təkzib edirlər. Buna baxmayaraq, bu fəlakətlər dəfələrlə təkrarlanmışdır. Hətta indi də, niyyətlərimizin doğru olmasına, nə dövlətə, nə də kilsəyə heç bir şəkildə təhlükə yaratmamasına və onlara ən kiçik zərər belə vurmamasına baxmayaraq, bu təqiblərin yenidən baş verməyəcəyinə və təşkilatımızın üzvü olacağınız təqdirdə sizi də bizim taleyimizə şərik etməyəcəyinə heç bir təminat yoxdur. Belə təhlükələrə nə dərəcədə əhəmiyyət verdiyinizi bilmirik; lakin onların gerçəkləşməsi mümkün olduğuna görə, hər halda bu məsələlərin sizin tərəfinizdən müəyyən qədər dəyərləndirilməsinə ehtiyac vardır.

Frankmasonluq nə dinə, nə də siyasətə müdaxilə edir və bu məsələlərdə xüsusi bir sistem qəbul etmir. O, hər hansı elm və ya incəsənət sahəsinin, yaxud hər hansı peşənin, hətta adını götürdüyü praktik memarlığın öyrənilməsi ilə də məşğul olmur. Deməli, frankmasonluq nə dini və ya siyasi, nə elmi, nə də texniki bir təşkilatdır.

Toplantılarımızda əzab çəkən insanlığı xatırlayırıq və bu, bizə xeyriyyə cəmiyyəti kimi şərəfli bir nüfuz qazandırmışdır. Digər tərəfdən, müxtəlif münasibətlərlə bizi bir araya gətirən və şənlik şəraitində keçirilən qardaşlıq süfrələri bəzi insanlarda frankmasonluğun məqsədinin yalnız ictimai əyləncələrdən zövq almaqdan ibarət olduğu barədə yanlış təsəvvür yaratmışdır. Biz bu əyləncələrdən yalnız ruhumuzu şadlandırmaq üçün istifadə edirik və fərdi imkanlarımız daxilində xeyriyyəçiliyi insanın ən ilkin və ən müqəddəs vəzifələrindən biri hesab edirik. Lakin səxavət göstərmək və ziyafətlər təşkilatımızın müstəsna məqsədi olmadığı kimi, onun əsas mahiyyətini də təşkil etmir. Bir sözlə, frankmasonluq sadə xeyriyyə müəssisəsi olmadığı kimi, loja da klub və ya kazino deyil.

Namizədin qorunmalı olduğu başqa bir yanlış təsəvvür də dünyəvi üstünlüklər, nüfuzlu şəxslərin vasitəçiliyi və ya ictimai və şəxsi münasibətlərdə imtiyazlar əldə etmək ümididir. Bir çox namizəd artıq bu məsələdə yanılmışdır. Lakin belə ümidləri həyata keçirmək frankmasonluğun məqsədlərinə daxil deyildir. Daha yüksək məna daşıyan maraqlara yönələn frankmasonluq, mülki həyatda öz rifahı üçün lazım olan tədbirləri görməyi hər bir üzvünün öz öhdəsinə buraxır.

Frankmason olmaq istəyənlərin bir çoxunun əsas motivi sadə maraqdan doğur. Maraq nə qədər güclü olarsa, gözlənti də adətən bir o qədər şişirdilmiş olur. Məhz buna görə frankmasonluğun bu gözləntiləri təmin etməsi çox nadir hallarda mümkündür. Dostlar kimi sizi xəbərdar edirik ki, bizdə tapacağınız şey axtardığınız şey olmaya bilər. Hətta çox güman ki, bu, təsəvvür etdiyinizdən tamamilə fərqli bir şeydir.

Bu qeydlər yalnız ilkin xəbərdarlıqdır. Lakin onlar frankmasonluğun nə olmadığını anlamağınız üçün kifayət etməlidir. Hələlik frankmasonluğun sizi qərarınızda israrlı olmağa sövq edə biləcək başqa bir mahiyyətə sahib olub-olmadığını özünüz düşünməlisiniz. Bizə gəldikdə, sizin nəzərinizi yalnız təşkilatımızın daxili, mümkündür ki, həmçinin qərarınıza təsir göstərə biləcək bəzi xüsusiyyətlərinə yönəldəcəyik.

Toplantılarımızda biz yalnız insanın mənəvi varlığını nəzərə alırıq, təsadüfün ona bəxş etdiyi üstünlüklərə əhəmiyyət vermirik; yalnız qəlbin və ağlın keyfiyyətlərini qiymətləndiririk. Dünyada mövcud olan bütün fərqləri və münasibətləri tanıyır və onlara hörmət edirik. Lakin lojanın daxilində bu maneələr aradan qalxır. Burada biz yaradılışın vahid ailəsinin üzvləri, ilkin qarşılıqlı qardaşlıq münasibətində və Kainatın Böyük Memarı ilə ilkin övladlıq bağlılığında olan insanlar kimi görünürük.

Bizim yeganə və ən gözəl titulumuz “qardaş” adıdır. Lakin yalnız bu adı daşımaq kifayət etmir. Buna görə frankmasonluq istəyir ki, bizi qardaş adlandıran və bizim də qardaş adlandırdığımız şəxslərə qarşı həqiqi qardaşlıq hissləri bəsləyək — onların ictimai həyatda bizdən yüksək, bizimlə bərabər və ya aşağı mövqe tutmasından, hətta bizə qarşı mövqedə olmasından asılı olmayaraq. Cənab, sizdən aşağı mövqedə olan və ya sizin rəqibiniz sayılan şəxsləri də eyni səmimiyyətlə qardaş kimi qəbul edə biləcəksinizmi?

Təntənəli şəkildə yerinə yetirəcəyinizi vəd etməli olduğunuz vəzifələr yalnız cəmiyyətin məqsədləri ilə bağlıdır. Onların içərisində dininiz, dövlət qarşısındakı öhdəlikləriniz, ailə və ya digər münasibətlərinizlə ziddiyyət təşkil edən heç nə yoxdur. Lakin bu vəzifələr sizdən məxfiliyi, bütövlükdə qardaşlığa və xüsusilə bizim lojaya sədaqəti, qanunlarımıza əməl etməyi və onların icrasına məsul olan şəxslərə hörmət göstərməyi tələb edir. Bundan əlavə, üzrlü maneələr olmadığı təqdirdə toplantılarımıza heç vaxt laqeyd qalmamalı və təşkilatımızın ruhuna uyğun tədbirlərin görülməsi lazım gəldikdə, imkanınız daxilində onların uğurla başa çatmasına kömək etməlisiniz.

Doğrudur, birliyimizin əsl məqsədi haqqında sizə indidən daha dəqiq məlumat vermək səlahiyyətimiz yoxdur. Lakin yuxarıda deyilənlər bu məqsədin qəlbi düzgün və ağlı inkişaf etmiş bir insanın prinsiplərinə və öhdəliklərinə heç bir şəkildə zidd olmadığı, əksinə, onun əməkdaşlığına hər cəhətdən layiq olduğu qənaətinə gəlməyiniz üçün kifayətdir. Bununla belə, frankmasonluğun öz üzvlərindən tələb etdiyi müxtəlif fədakarlıqların əvəzində yalnız öz daxilində mənəviyyatını və bütün insani münasibətləri kamilləşdirmək üçün çalışmağa meyli olan şəxslərə həqiqi məmnunluq və mənəvi zövq verdiyini sizdən gizlədə bilmərik.

Nəhayət, sizi xəbərdar etməliyik ki, cəmiyyətimizə qəbul olunmaq yalnız ilkin xərclərə səbəb olmur. Cəmiyyətə məxsus əşyaların və vasitələrin saxlanılması da müəyyən xərclər tələb edir və bu xərclər loja üzvlərindən alınan sabit üzvlük haqları ilə ödənilir.

İndi sizə atmaq istədiyiniz addım haqqında daha dərindən düşünmək imkanı yaratdığımıza görə, Cənab, bir daha nəzərə almağınızı xahiş edirik ki, bu addımı atdığınız təqdirdə, qəbul etdiyiniz öhdəliklərin pozulmasına heç nə bəraət qazandıra bilməz. Buna baxmayaraq, qərarınızda israrlısınızsa, aşağıdakıları yerinə yetirin:

1° — Aşağıda aramıza qəbul olunmaq istəyinizi bir daha təsdiq edin və adınızla soyadınızdan əlavə, əslən hardan olduğunuzu, doğulduğunuz yeri, doğum gününü, ayını və ilini, sosial vəziyyətinizi və ya peşənizi, habelə yaşayış ünvanınızı göstərin;

2° — Bizə həyatınızın yığcam, lakin faktlara əsaslanan təsvirini göndərin; bu təsvirinizdə əqli qabiliyyətlərinizin inkişafına və təhsilinizə nəzərəçarpacaq təsir göstərmiş dövrlər üzərində xüsusilə dayanın. Mənəvi durumunuz və gündəlik-ictimai həyatınız haqqında bizdə düzgün təsəvvür yaradın. Həmçinin subay və ya evli olduğunuzu bildirin. Evli olduğunuz təqdirdə, sirlərini həyat yoldaşınıza açıqlamağınızı qadağan edəcək bir təşkilatda iştirakınızın onun narazılığına səbəb olub-olmayacağını da qeyd edin. Əgər belə bir ehtimal varsa, müraciətiniz rədd ediləcək. Çünki ailədə əmin-amanlığa o qədər böyük əhəmiyyət veririk ki, sonradan sizi sıralarımıza qəbul etdiyimizə görə ailənizin dincliyini pozmağa bais olduğumuz barədə iradla üzləşməyi qəbul edə bilmərik. Əgər dininiz bizə qoşulmaq üçün sizdən vicdanınıza zidd davranmağı tələb etsəydi, bu halda da eyni qərar verilərdi.

Bu iki şərti yerinə yetirdikdən sonra müraciətinizin nəticəsi haqqında məlumat almağa çalışmayın. Qəbulunuz təsdiqlənərsə, bu barədə sizə vaxtında və lazımi yerdə xəbər veriləcək. Əks halda, susmağımızdan hələlik istəyinizi həyata keçirə bilmədiyimiz nəticəsinə gələ bilərsiniz. Bununla belə, bu vəziyyət sizə bəslədiyimiz hörməti heç bir şəkildə azaltmayacaqdır.

Əgər, əksinə, hələlik bu niyyətinizdən imtina etmək qərarına gəlsəniz, bu məktubu sizə təqdim edən dostunuza qaytarın və əmin olun ki, sizə münasibətimiz və hörmətimiz azalmayacaqdır.

“Le Centre des Amis” lojasının Direktor Komitəsi adından