Bu gün bir çox insanın sevə-sevə dinlədiyi “Lalələr” mahnısı təkcə musiqi əsəri deyil, Azərbaycan tarixinin ən faciəli və eyni zamanda ümid dolu dövrlərindən birinin bədii yaddaşıdır. Mahnının yaranma səbəbi və sözlərinin arxasında duran tarixi hadisələr çox zaman dinləyicinin diqqətindən kənarda qalır.
1918-ci ildə Azərbaycanın bir çox şəhərləri erməni-daşnak silahlı birləşmələri və bolşevik qüvvələri tərəfindən işğal edilmişdi. Stepan Şaumyanın rəhbərliyi altında həyata keçirilən bu hərəkat birbaşa yerli türk-müsəlman əhalinin məhv edilməsinə yönəlmişdi. Xüsusilə, Bakıda 18 mart – 1 aprel 1918-ci il tarixləri arasında baş verən kütləvi qırğınlar nəticəsində təxminən 12 min azərbaycanlı qətlə yetirildi. İşgəncələr, aclıq və zorakılıqdan xilas olmaq üçün insanlar şəhərləri tərk etməyə məcbur qalırdılar. Bu ağır günlərdə xalqın yeganə ümid yeri Anadolu türkləri idi.
Osmanlı dövlətindən yardım istəmək üçün göndərilən nümayəndə heyətinə Nağı Şeyxzamanlı rəhbərlik edirdi. O, xatirələrində yazırdı ki, Qafqaza göndəriləcək ordunun başına Nuru Paşanın təyin olunmasını Ənvər Paşadan xahiş edib və bu təklif qəbul olunub. Türk ordusu Azərbaycana daxil olduqda xalq yolları doldurur, əsgərləri böyük ümid və sevinc hissi ilə qarşılayırdı.
25 may 1918-ci ildə Gəncəyə gələn Nuru Paşa burada ordunun formalaşdırılmasına başladı. Sonradan “Qafqaz İslam Ordusu” adlanan bu hərbi birlik Gəncə və Şamaxı bölgələrini erməni, rus və ingilis qüvvələrindən təmizlədi. Bakı istiqamətində irəliləyən bu ordu 15 sentyabr 1918-ci ildə şəhərə daxil olarkən minlərlə şəhid vermişdi. Lakin bu qurbanlar Azərbaycanın yox olmaq təhlükəsindən xilas olunmasına səbəb oldu.
Məhz, bu tarixi kömək və fədakarlıq “Lalələr” mahnısında simvolik dillə ifadə olunur. Osmanlı əsgərlərinin başındakı fəs və fəsin ucundakı saçaqların laləyə bənzəməsi xalq arasında bu obrazın yaranmasına səbəb olmuşdu. Mahnının ilk misrası olan “Yazın əvvəlində, Gəncə çölündə” sözləri Qafqaz İslam Ordusunun 1918-ci ilin mayında Gəncəyə daxil olmasına açıq işarədir. Musiqinin sonunda səslənən “Nə vaxtdır Bakının gözü yoldadır, bir qonaq gələsiz bizə lalələr” misraları isə çətin vəziyyətdə olan xalqın türk ordusunu ümid və həsrətlə gözlədiyini ifadə edir.
Sovet dövründə ideoloji senzura səbəbindən bu misra dəyişdirilərək “Bakının” yerinə “Rəşidin” adı işlədilib. Bu dəyişiklik mahnının əsl tarixi mənasını gizlətmək məqsədi daşıyırdı. Lakin mahnının mahiyyəti dəyişməyib – “Lalələr” türk ordusunun Azərbaycan xalqına etdiyi tarixi köməyin musiqi ilə yazılmış xatirəsidir.
Mahnının sözləri Aslan Aslanova, musiqisi isə Telman Hacıyevə məxsusdur. Bu əsər təkcə musiqi irsi deyil, həm də xalqın yaddaşında yaşadılan tarixi minnətdarlıq nümunəsidir.