Qrinviç Rəsədxanasının ilk vaxt siqnallarından 102 il ötür

Qrinviç Rəsədxanasının 1924-cü ildə ilk dəfə yaydığı saatbaşı vaxt siqnallarından 102 il keçir. GMT və qlobal zaman sisteminin yaranma tarixi.

Dünyada şərq və qərb uzunluqlarının “sıfır nöqtəsi” kimi qəbul edilən və qlobal vaxt ölçmə sisteminin əsasını təşkil edən Böyük Britaniyadakı Qrinviç Rəsədxanasının ilk saatbaşı vaxt siqnallarını yaymağa başlamasından 102 il keçir.

Hazırda dünyanın müxtəlif yerlərində vaxt Qrinviç meridianına olan məsafəyə görə müsbət və ya mənfi fərqlə hesablanır. Müasir zaman ölçmə sisteminin təməli isə məhz, bu tarixi rəsədxanada qoyulub. Ulduzların mövqeyini dəqiq müəyyənləşdirmək və dənizçilərin açıq dənizdə təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 1675-ci ildə yaradılan Qrinviç  Rəsədxanası 5 fevral 1924-cü ildə ilk dəfə müntəzəm saatlıq vaxt siqnallarını yayımlamağa başlayıb.

Avropada ticarətin, kəşflərin və hərbi yürüşlərin sürətləndiyi dövrlərdə dənizçilik və xəritəçilik sahəsində vahid standartlara ehtiyac yaranmış, bu da vaxtın və uzunluğun dəqiq müəyyən edilməsini zəruri edib. Bu ehtiyac əsasında İngiltərə kralı II Çarlzın göstərişi ilə London yaxınlığındakı Qrinviçdə qurulan rəsədxana qısa müddətdə dənizçilik və astronomiya sahəsində dünyanın aparıcı mərkəzlərindən birinə çevrilib.

XIX əsrə qədər ölkələr yerli günəş vaxtından istifadə etsə də, dəmir yollarının və rabitə şəbəkələrinin inkişafı vahid vaxt sisteminə olan tələbatı artırıb. Nəticədə 1884-cü ildə ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən Beynəlxalq Meridian Konfransında Qrinviç başlanğıc meridianı kimi qəbul edilib. Konfransda iştirak edən 25 ölkədən 22-sinin səsi ilə Qrinviç dünyanın “0 meridianı” elan olunub.

Bu qərarın qəbulunda dənizçilərin 70 faizdən çoxunun artıq Qrinviç vaxtından istifadə etməsi həlledici rol oynayıb. Beləliklə, “Greenwich Mean Time” (GMT) qlobal zaman sisteminin əsas istinad nöqtəsinə çevrilib.

Qrinviç meridianı təkcə Böyük Britaniyadan keçmir. “0 uzunluq xətti” Fransa, İspaniya, Əlcəzair, Burkina Faso və Qana ərazilərindən keçərək Yer kürəsini şərq və qərb yarımkürələrinə ayırır. Bu xəyali xətt təkcə istiqamətin müəyyən edilməsinə deyil, həm də uzunluqlar arasındakı 4 dəqiqəlik vaxt fərqi əsasında beynəlxalq vaxt qurşaqlarının formalaşmasına xidmət edir.

Qrinviç Rəsədxanası zaman ölçümündə daha bir dönüş nöqtəsini 5 fevral 1924-cü ildə yaşayıb. Kral Astronomu və rəsədxananın direktoru Ser Frenk Vatson Dayson tərəfindən hazırlanan və günün dəqiq saatını bildirən 6 qısa “bip” səsi ilk dəfə “BBC” radiosunda yayımlanıb.

Saatın son beş saniyəsində eşidilən beş qısa və saatın tamamında səslənən bir uzun “bip” vaxtın dəqiq müəyyənləşdirilməsini təmin edib. “BBC pips” adı ilə tanınan bu siqnallar 102 ildən sonra da “BBC Radio 4”-də xəbər buraxılışlarından əvvəl istifadə olunur. Siqnalları yaradan orijinal saat isə hələ də Qrinviç Rəsədxanasında qorunur.

Hazırda Qrinviç Universiteti və Milli Dənizçilik Muzeyi ilə eyni ərazidə yerləşən Qrinviç Rəsədxanası həm elmi irsi, həm də turistik əhəmiyyəti ilə seçilir. Londonun cənubunda, Temza çayı sahilində yerləşən Qrinviç rayonu yaşıllıqları, tarixi binaları və məşhur bazarı ilə turistlərin sevimli ünvanlarından biridir.

Milli Dənizçilik Muzeyinin tərkib hissəsi olan rəsədxana hər il 2 milyondan çox ziyarətçi qəbul edir. Ziyarətçilər başlanğıc meridianını simvolizə edən xətt üzərində dayanaraq Yer kürəsinin şərq və qərb yarımkürələrini ayıran nöqtədə xatirə şəkli çəkdirirlər.

Qrinviç Rəsədxanası artıq 102 ildir ki, təkcə saatların deyil, müasir dünyanın zaman anlayışının da “sıfır nöqtəsi” olaraq qalır.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.