Tanınmış təhsil eksperti Kamran Əsədov barəsində cinayət işi açılıb 

Tanınmış təhsil eksperti Kamran Əsədov imtahanlarda gizli texniki vasitələrdən istifadə ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib. Qafqazinfo xəbər verir ki, ona və Gündüz Abbasova 302.3 və 308.1-ci maddələrlə ittiham irəli sürülüb.

117

Tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib. Məlumatı “Qafqazinfo” yayıb. Ekspertin tanışı Gündüz Abbasovla birlikdə buraxılış və ali məktəblərə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə hallarına görə ittiham olunduğu bildirilir.

Məlumata görə, Gündüz Abbasov bu iş üzrə artıq həbs edilib. Kamran Əsədov barəsində isə istintaq dövründə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib. İttihama əsasən, hər iki şəxs cinayət əlaqəsinə girərək əvvəlcədən hazırlanmış gizli texniki vasitələri ümumilikdə 15 imtahan iştirakçısına təqdim ediblər. Bu vasitələr imtahan zamanı sualların kənara ötürülməsi və cavabların geri alınması üçün nəzərdə tutulmuş gizli kamera, səsötürücülü “VIP smart” telefon, nanoqulaqlıq, mifi qurğuları və digər texniki cihazlardan ibarət olub.

Hazırlanmış sxemə görə, qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib, daha sonra Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və qəbul imtahanlarında iştirak edən şəxslərə verilərək istifadə üçün tam hazır vəziyyətə gətirilib. Cihazlar imtahan iştirakçılarının ayaqqabılarında gizlədilib. Bunun üçün ayaqqabı altlıqlarında xüsusi boşluq yaradılıb və texniki vasitələr həmin hissəyə yerləşdirilib. İstintaq materiallarına görə, imtahan iştirakçıları binanın tualetində sual vərəqini gizli kamera ilə çəkməli, daha sonra nanoqulaqlıq vasitəsilə göndərilən cavabları dinləməli olduqlarını təlimatlandırılıb.

İlkin məlumata əsasən, Kamran Əsədov və Gündüz Abbasov göstərdikləri bu “xidmət”lərin müqabilində müxtəlif məbləğlərdə pul alıblar və əldə olunan gəliri öz aralarında bölüblər. Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 302.3-cü və 308.1-ci maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Cinayət işi hazırda Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə araşdırılır. Bu gün keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərə hüquq və vəzifələr izah edilib və barələrində seçilmiş qətimkan tədbirlərinin dəyişdirilmədən saxlanılması qərara alınıb. Əsas məhkəmə iclası dekabrın 15-də keçiriləcək.

Qeyd edək ki, iş Dövlət İmtahan Mərkəzinin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti əsasında başlanılıb. DTX-nın göndərdiyi materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb və bu çərçivədə əlavə şəxslər barəsində də cinayət işi açılıb.