Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib.
MSNews.az xəbər verir ki, “AZƏRTAC”ın məlumatına görə, tədbir Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə iyunun 4-də baş tutub.
Forum dövlət qurumlarını, Milli Məclisin deputatlarını, beynəlxalq təşkilatların nümayəndələrini, xarici ölkələrin kibertəhlükəsizlik institutlarını, özəl sektor təmsilçilərini, ali təhsil müəssisələrinin rəhbərlərini, ekspertləri və gənc mütəxəssisləri bir araya gətirib.
Tədbirdə kibertəhlükəsizlik ekosisteminin inkişafı, beynəlxalq əməkdaşlıq, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının təhlükəsizlik mühitinə təsiri və yerli innovativ həllərin inkişaf perspektivləri müzakirə olunub. Forumun sərgi hissəsində tərəfdaş şirkətlər tərəfindən müasir kibertəhlükəsizlik həlləri nümayiş etdirilib.
Rəsmi açılış mərasimində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafı, dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, insan kapitalının formalaşdırılması və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Açılışda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin müavini Allahverən İsmayılov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Rasim Əliquliyev də çıxış ediblər.
Çıxışlarda kibertəhlükəsizliyin milli təhlükəsizliyin mühüm tərkib hissəsi olduğu vurğulanıb. Rəqəmsal transformasiya dövründə informasiya təhlükəsizliyinin təmin edilməsi, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, elmi tədqiqatların və innovativ həllərin tətbiqinin genişləndirilməsi əsas mövzular sırasında olub.
Forumun “Milli Kibertəhlükəsizlik Ekosistemi” adlı ilk sessiyasında milli kibertəhlükəsizlik strategiyaları, kritik infrastrukturun qorunması, kibercinayətkarlıqla mübarizə və beynəlxalq təcrübələr müzakirə edilib.
Tədbir çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ilə “Huawei Technologies” arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum kibertəhlükəsizlik sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsini, birgə təşəbbüslərin həyata keçirilməsini və insan kapitalının inkişafını nəzərdə tutur.
Forumda AKTA-nın yeni təşəbbüsü olan “CyberAward” layihəsi də təqdim edilib. Layihənin məqsədi ölkənin kibertəhlükəsizlik ekosisteminə töhfə verən mütəxəssisləri və təşkilatları təşviq etməkdir.
Bundan başqa, AKTA ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. AKTA, Ukrayna Elmi Kibertəhlükəsizlik Assosiasiyası, Moldova Texniki Universiteti və Gürcüstan Elmi Kibertəhlükəsizlik Assosiasiyası arasında regional əməkdaşlığı gücləndirməyə yönəlmiş çoxtərəfli memorandum da imzalanıb.
Forumun sonrakı sessiyalarında rəqəmsal transformasiyada kiberçağırışlar, süni intellektin kibertəhlükəsizliyə təsiri, avtomatlaşdırılmış təhdid aşkarlanması, davranış analitikası və müasir kibertəhlükəsizlik risklərinə qarşı müdafiə strategiyaları müzakirə olunub.
Tədbirin yekununda kiberdiaspor nümayəndələri beynəlxalq təcrübələrini iştirakçılarla bölüşüb, yerli kibertəhlükəsizlik məhsulları və innovativ startap layihələri təqdim edilib.
Forumun ölkədə dövlət, özəl sektor, akademik mühit və beynəlxalq tərəfdaşlar arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma olduğu bildirilib.