“GəncVİZYON” ideyatonu keçirilib: 240 gənc innovativ ideyalarla çıxış edib

Azərbaycan Gəncləri Gününə həsr olunmuş “GəncVİZYON” ideyatonu Bakıda keçirilib. 40 komandanın iştirakı ilə baş tutan tədbirdə innovativ və dayanıqlı ideyalar təqdim olunub.

43

4–6 fevral tarixlərində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş “GəncVİZYON” ideyatonu təşkil edilib.

Layihənin əsas məqsədi gənclərin yaradıcı və innovativ potensialını üzə çıxarmaq, onları real problemlərə praktik və dayanıqlı həllər təklif etməyə təşviq etmək, eyni zamanda komanda işi, liderlik, təqdimat və ünsiyyət bacarıqlarını gücləndirmək olub.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin prioritetlərinə uyğun təşkil edilən ideyaton gənclərin ideyalarını konseptual səviyyədə formalaşdıraraq təqdim etməsi üçün açıq və yaradıcı platforma rolunu oynayıb.

Fevralın 4-də keçirilən ilkin mərhələdə 240 gənc 40 komanda şəklində mentorların dəstəyi ilə gələcəyin təhsili və bacarıqları, gənclərin məşğulluğu və sahibkarlıq, rəqəmsal gələcək və süni intellekt, sosial təşəbbüslər və könüllülük, həmçinin yaşıl və dayanıqlı gələcək istiqamətləri üzrə ideyalarını formalaşdırıblar. Dəyərləndirmə nəticəsində hər istiqamət üzrə 2 komanda olmaqla, ümumilikdə 10 komanda final mərhələsinə vəsiqə qazanıb. Qiymətləndirmə zamanı ideyaların innovativliyi, sosial təsiri, reallığa uyğunluğu və strateji yanaşması əsas meyarlar kimi nəzərə alınıb.

Fevralın 6-da baş tutan final mərhələsində komandalar ideyalarını təkmilləşdirərək münsiflər heyətinə təqdim ediblər. Münsiflərin qərarına əsasən “Ekoliz”, “GreenPoint” və “Hexra” komandaları qalib elan olunub.

Bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov və “Nar” şirkətinin Korporativ Ünsiyyət və PR Departamentinin direktoru Hökümə Kərimova bu cür təşəbbüslərin gənclərin strateji düşüncə tərzinin formalaşdırılmasında və gələcəyə yönəlik baxışlarının inkişafında mühüm rol oynadığını vurğulayıblar.

İdeyatonun yekununda qalib komandalar mükafatlandırılıb.

Qeyd edək ki, “GəncVİZYON” ideyatonu Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “Böyük Qayıdış” Gənclər Təşkilatı, “CAVAN” Gənclər Hərəkatı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” və “Gənc Könüllülər” ictimai birliklərinin birgə təşkilatçılığı, “Nar”ın tərəfdaşlığı ilə həyata keçirilib.

Bununla yanaşı, Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş “GəncLAND” Gənclər Festivalı, “GəncİNTELLEKT” ölkənin ən böyük fərdi intellektual yarışı və “GəncTALKS” Motivasiya Platforması kimi silsilə tədbirlər də təşkil olunub.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.