Oyun dünyasının ən prestijli mükafatlarından olan “The Game Awards 2025” gecəsində 9 mükafat qazanan “Clair Obscur: Expedition 33″ adlı video oyun bu dəfə uğuru ilə deyil, arxasında istifadə edilən texnologiya ilə gündəmdədir.
Mənbənin məlumatına görə, oyunun istehsalçısı François Meurisse oyunun hazırlanma prosesində süni intellekt texnologiyasından istifadə edildiyini açıq şəkildə təsdiqləyib, bu da sosial mediada geniş müzakirələrə səbəb olub.
Meurisse əvvəllər İspaniyanın “El País” jurnalına verdiyi müsahibədə oyunda “müəyyən miqdarda süni intellektdən istifadə olunduğunu, lakin bunun məhdud olduğunu” bildirmişdi. Onun bu ifadəsi mükafat gecəsindən sonra yenidən gündəmə gətirildikdən sonra oyun icmasında gərgin müzakirələr başladı.
Oyun bazara çıxandan sonra bəzi oyunçular qeyd ediblər ki, tanıtımda istifadə olunan bəzi şəkillər əvvəlcə süni intellekt ilə yaradılmışdı. Bu görüntülər daha sonra dəyişdirilsə də, istehsalçılar süni intellektdən oyunun başqa sahələrində necə istifadə edildiyi barədə hələ də tam açıqlama verməyiblər.
Meurisse bəyan edib ki, bu texnologiya studiyaya əvvəllər “xəyal belə edilə bilməyən şeyləri” həyata keçirməyə imkan verib.
Buna baxmayaraq bir çox oyunçu və tənqidçi bildirir ki, oyunun ən çox təriflənən elementləri — xüsusilə personaj dizaynı və səsləndirmə — süni intellektlə yaradılmayıb və bunlar oyunun güclü tərəfləridir.
Oyun camiəsi bu məsələ ilə bağlı iki hissəyə bölünüb. Bəzi insanlar süni intellekt istifadəsi səbəbindən oyunun “İlin Oyunu” titulunun mübahisəli olduğunu düşünür, digərləri isə süni intellektin kiçik büdcəli studiyalara daha böyük layihələrlə rəqabət aparmaq imkanı verdiyini müsbət qiymətləndirir.
Maraqlıdır ki, “Clair Obscur: Expedition 33″-ün büdcəsi təxminən 10 milyon dolların altındadir, halbuki AAA sinifli böyük oyunlar çox daha yüksək büdcələrlə hazırlanır. Bu baxımdan süni intellektin balanslaşdırıcı vasitə rolunda ola biləcəyi müzakirə olunur.
İronik məqam isə budur ki, oyundakı Maelle personajını səsləndirən Cennifer İnqliş süni intellektin artan istifadəsinə qarşı çıxan sənətçilərdən biridir. Bununla belə, “Capcom” və “Larian” kimi böyük oyun studiyaları süni intellektin xüsusilə arxa plan dizaynı və konsept ideyalarının yaradılması sahəsində vaxt qazanmağa kömək etdiyini müdafiə edirlər.