Fransada müharibə üçün “rəqəmsal beyin” hazırlanıb

Fransanın “Comand AI” startapı hərbi əməliyyatların idarə olunması üçün “Prevail” adlı süni intellekt platforması hazırlayıb. Sistem Ukrayna, Almaniya və Fransada real əməliyyat şəraitində sınaqdan keçirilir.

10

Fransanın “Comand AI” startapı hərbi əməliyyatların idarə edilməsi üçün süni intellekt əsaslı “Prevail” platformasını hazırlayıb.

MSNews.az xəbər verir ki, “OpexNews”un məlumatına görə, platforma artıq Ukrayna, Almaniya və Fransada real əməliyyat şəraitində sınaqdan keçirilib. Nəşr “Prevail”i Avropanın hərbi komandanlıq proqram təminatı sahəsində ABŞ-ın “Palantir” və “Anduril” kimi şirkətlərinə alternativ yaratmaq cəhdlərindən biri kimi təqdim edir.

Comand AI”nin rəsmi məlumatına görə, “Prevail” hərbi planlaşdırma, taktiki vəziyyətin təhlili, real vaxt məlumatlarının emalı və qərar qəbuletmənin sürətləndirilməsi üçün nəzərdə tutulub. Platforma əməliyyat əmrləri, əvvəlki təcrübələr, doktrina, açıq mənbə məlumatları və ərazi göstəriciləri əsasında taktiki vəziyyətin daha tez qurulmasına kömək edir.

OpexNews”a danışan “Comand AI”nin həmtəsisçisi Loïc Mougeolle bildirib ki, sistemin əsas məqsədi zabitləri əvəz etmək deyil, onların işini sürətləndirməkdir. Onun sözlərinə görə, “Prevail” qərargahların missiya və ərazi təhlili üçün sərf etdiyi vaxtı ciddi şəkildə azalda bilir. Şirkətin testlərinə əsasən, bəzi proseslər 30 dəqiqədən bir neçə dəqiqəyə, iki saatdan isə təxminən on dəqiqəyə endirilə bilər.

Challenges” nəşri yazır ki, “Comand AI” “Prevail” vasitəsilə hərbi qərar qəbuletməni dörd dəfə sürətləndirməyi hədəfləyir. Şirkət bu platformanı komandirlərin planlaşdırma, əməliyyat sonrası təhlil və taktiki ssenariləri müqayisə etmə imkanlarını artıran alət kimi təqdim edir.

Platformanın mühüm xüsusiyyətlərindən biri onun internetdən asılı olmadan işləyə bilməsidir. “OpexNews”un məlumatına görə, “Prevail” klassik bulud sistemlərindən fərqli olaraq kənar internet bağlantısı və xarici API olmadan, istifadəçinin öz infrastrukturunda yerləşdirilir. Şirkət bildirir ki, bu yanaşma rabitənin kəsildiyi, GPS-in pozulduğu və ya döyüş meydanında elektron mübarizə şəraitinin ağır olduğu hallarda vacibdir.

Mougeolle qeyd edib ki, “Prevail” klassik “ChatGPT tipli hərbi çatbot” deyil. Onun sözlərinə görə, böyük dil modelləri bəzi mərhələlərdə istifadə olunsa da, sistemin əsas gücü ərazi, zaman, taktiki vəziyyət və əməliyyat məhdudiyyətlərini emal edən xüsusi proqram mühəndisliyindədir.

L’Usine Digitale”in məlumatına görə, “Comand AI” 2024-cü ildə 8,5 milyon avro investisiya cəlb edib. Startap keçmiş “OpenAI” və “Palantir” əməkdaşları, eləcə də müdafiə sektorunda çalışmış mütəxəssislər tərəfindən formalaşdırılıb. Şirkət bu vəsaiti hərbi proqram təminatının inkişafına və NATO ölkələrində tətbiqinə yönəltməyi planlaşdırır.

Ukrayna təcrübəsi “Comand AI” üçün əsas sınaq mühitlərindən biri hesab olunur. “OpexNews” yazır ki, şirkət “Prevail”i hələ bütöv bir ordu miqyasında daimi istifadəyə verməyib, lakin müxtəlif bölmələrdə əməliyyat şəraitində sınaqdan keçirir. Mougeolle açıq şəkildə bildirib ki, sistem “combat-proven” — tam döyüşdə sübut olunmuş platforma kimi yox, hazırda real əməliyyat şəraitində test edilən həll kimi qiymətləndirilməlidir.

Ukrayna müharibəsi hərbi süni intellekt və döyüş məlumatlarının emalı sahəsində qlobal rəqabəti sürətləndirib. “Reuters”in məlumatına görə, Ukrayna “Palantir”lə birlikdə “Brave1 Dataroom” layihəsini həyata keçirir. Bu layihə real döyüş məlumatları əsasında süni intellekt modellərinin hazırlanması və Rusiya dronlarının aşkarlanmasına yardım üçün nəzərdə tutulub.

“Reuters” həmçinin yazır ki, Almaniya ordusu da süni intellekt əsaslı döyüş məlumatları analizi vasitəsilə qərar qəbuletməni sürətləndirməyə çalışır. Almaniya Quru Qoşunlarının komandanı Kristian Frayding Ukraynada dronlar və sensorlardan gələn məlumatların həcminin kəskin artdığını, klassik qərargah metodlarının isə bu sürətlə ayaqlaşmaqda çətinlik çəkdiyini bildirib.

“OpexNews”un məlumatına görə, Ukraynada taktiki yanaşmalar çox sürətlə dəyişir və bu, hərbi proqram təminatının tez-tez yenilənməsini tələb edir. Mougeolle bildirib ki, əməliyyat şəraitində proqram bir həftədən o birinə, bəzən gündəlik, hətta 12 saatdan bir dəyişdirilməli olur. Onun sözlərinə görə, bu, hərbçilər və mühəndislər arasında əvvəlkindən daha sıx əməkdaşlıq tələb edir.

“Prevail”in yaradıcıları platformanı Avropanın müdafiə sahəsində proqram təminatı baxımından daha müstəqil olmasına xidmət edən layihə kimi təqdim edirlər. Lakin ekspertlər qeyd edirlər ki, ABŞ şirkətləri bu sahədə illərdir böyük investisiyalar hesabına irəlidədir və Avropa startaplarının genişmiqyaslı ordu səviyyəsində tətbiqə keçməsi üçün daha böyük maliyyə, sürətli sınaq mexanizmləri və dövlət dəstəyi tələb olunacaq.