Talibanın Ali Məhkəmə sədri: “Cihad Qiyamət gününədək davam edəcək”

Əfqanıstanda Taliban hökumətinin Ali Məhkəməsinin sədri Əbdülhakim Haqqani cihadın Qiyamət gününədək davam edəcəyini bildirib. O, şəriət qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb.

24

Əfqanıstanda Taliban hökumətinin Ali Məhkəməsinin sədri Əbdülhakim Haqqani cihadın İslam şəriətində dəyişməz hökm olduğunu və Qiyamət gününədək davam edəcəyini bildirib. O, bununla yanaşı, dini fəaliyyətlərin ekstremizmə və zülmə əsaslanmamalı olduğunu vurğulayıb.

MSNews.az xəbər verir ki, bu barədə Haqqani ilə əlaqəli “X” hesabında yayımlanan açıqlamada bildirilib. “Afghanistan International” nəşrinin məlumatına görə, paylaşımda cihadın dini legitimliyinin şəriət prinsiplərinə, səmimi niyyətə və İlahi hökmlərə riayət olunmasına əsaslanmalı olduğu qeyd edilib.

“Cihad İslam şəriətində daimi hökmdür və onun əsası Qiyamət gününədək qüvvədə qalacaq. Lakin onun mahiyyəti şüarlarda deyil, səmimiyyətdə, şəriət prinsiplərinə və İlahi hökmlərə bağlılıqdadır”, – deyə açıqlamada vurğulanıb.

Haqqaninin sözlərinə görə, dinə dəstək şəxsi maraqlar, ekstremizm və başqalarına zülm etmək məqsədi daşımamalıdır. O bildirib ki, hətta müqəddəs məqsədlərə çatmaq üçün belə şəriətin müəyyən etdiyi hüdudları pozmaq yolverilməzdir.

“Awj News” nəşri də açıqlamanın Haqqani ilə əlaqəli sosial media hesabı vasitəsilə yayıldığını təsdiqləyib.

Qeyd edək ki, Əbdülhakim Haqqani 2021-ci ildən Taliban hökumətinin Ali Məhkəməsinə rəhbərlik edir. O, əvvəllər Talibanın məhkəmə komissiyasına başçılıq edib və ABŞ ilə Dohada aparılan danışıqlarda iştirak edib.

Taliban uzun illər davam etdirdiyi silahlı mübarizəni cihad kimi xarakterizə edib. Bununla belə, Haqqaninin son açıqlamasında konkret ölkəyə qarşı yeni hərbi əməliyyatın başlanacağına dair çağırış yer almayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti