Suriyada İsrailə qarşı kütləvi etirazlar başladı

Suriyada İsrail hərbçilərinin Daun sindromlu mülki şəxsi öldürməsindən sonra bir sıra şəhərlərdə etirazlar keçirilib. Nümayişçilər İsrail qüvvələrinin ölkədən çıxarılmasını tələb edirlər.

68

Suriyanın bir sıra şəhərlərində İsrail ordusunun ölkə ərazisində keçirdiyi hərbi əməliyyatlara qarşı kütləvi etiraz aksiyaları təşkil olunub. Nümayişlər İsrail hərbçilərinin Dəra vilayətində Daun sindromlu mülki şəxsi öldürməsindən sonra genişlənib. Aksiya iştirakçıları hərbi müdaxilələrin dayandırılmasını və İsrail qüvvələrinin Suriya ərazilərindən çıxarılmasını tələb ediblər.

MSNews.az xəbər verir ki, oktyabrın 23-də Dəməşq, Dəra, Quneytrə, Raqqa, Homs və digər şəhərlərdə etiraz aksiyaları keçirilib.

Bu barədə “Shafaq News” və “Arab News” məlumat yayıb.

Etirazlara səbəb oktyabrın 22-də Dəra vilayətinin Cəmlə kəndində baş verən ölüm hadisəsi olub. İsrail hərbçilərinin kəndə daxil olması zamanı Daun sindromlu Müaz Sələmə əl-Bəir güllələnərək həyatını itirib.

Suriyanın İnsan Hüquqları Şəbəkəsinin (SNHR) araşdırmasına görə, İsrail qüvvələri 12 hərbi avtomobillə kəndə daxil olaraq yaşayış məntəqəsində axtarışlar aparıb və bəzi binaların damlarında mövqe tutublar.

Təşkilatın məlumatına əsasən, öldürülən şəxs silahsız mülki sakin olub və hadisə zamanı döyüş əməliyyatlarında iştirak etməyib. SNHR mülki şəxsin öldürülməsi ilə bağlı müstəqil istintaq aparılmasına və məsul şəxslərin müəyyən edilməsinə çağırıb.

“Associated Press” agentliyinin məlumatına görə, İsrail hərbçiləri gecə əməliyyatı zamanı təhlükə hesab etdikləri şəxslə qarşılaşdıqlarını, onun xəbərdarlıqlara baxmayaraq yaxınlaşmağa davam etdiyini və bundan sonra atəş açıldığını bildiriblər.

Ordu hadisənin araşdırıldığını açıqlayıb. Yerli sakinlər isə ölən şəxsin silahsız olduğunu, eşitmə və nitq məhdudiyyətləri səbəbindən hərbçilərin əmrlərinə reaksiya verə bilmədiyini söyləyiblər.

Dəməşqdə nümayişçilər BMT-nin binası qarşısında toplaşıblar. Quneytrə və digər bölgələrdə keçirilən aksiyalarda İsrailin quru reydlərinə, həbslərə və hərbi mövcudluğuna son qoyulması tələb edilib.

Etirazçılar həmçinin İsrail qüvvələri tərəfindən saxlanılan suriyalıların azad olunmasını istəyiblər.

Suriyanın Xarici İşlər Nazirliyi hadisəni pisləyərək beynəlxalq ictimaiyyəti İsrailin hərbi əməliyyatlarına qarşı tədbir görməyə çağırıb.

Suriya İnsan Hüquqları Müşahidə Mərkəzinin məlumatına görə, oktyabrın 25-də İsrail ordusuna məxsus üç hərbi avtomobil Quneytrə vilayətinin cənubundakı Səidə əl-Hanut kəndinin ətrafına daxil olub.

Eyni zamanda, bölgənin digər ərazilərində müvəqqəti nəzarət-buraxılış məntəqələrinin qurulduğu, sakinlərin yoxlanıldığı və kənd təsərrüfatı torpaqlarında hərbi mühəndislik işlərinin davam etdirildiyi bildirilir.

İsrailin Suriyanın cənubunda hərbi mövcudluğu uzun müddətdir Dəməşqlə Təl-Əviv arasında gərginlik mənbəyidir.

2024-cü ilin dekabrında Bəşər Əsəd hökumətinin devrilməsindən sonra İsrail ordusu BMT-nin nəzarətində olan ayrılma zonasına daxil olub və ətraf ərazilərdə də hərbi əməliyyatlar keçirib.

İsrail hakimiyyəti bu addımları sərhəd təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əsaslandırır. Suriya hökuməti isə hərbi müdaxilələri ölkənin suverenliyinin pozulması kimi qiymətləndirərək İsrail qüvvələrinin geri çəkilməsini tələb edir.

Qeyd edək ki, yerli mənbələr tərəfindən yayılan boş binanın partladılması barədə məlumatı ayrıca etibarlı mənbələrdən təsdiqləmək mümkün olmayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti