Suriyanın Baş Kəşfiyyat İdarəsi daxili təhlükəsizlik qüvvələri ilə birgə Hələb vilayətinin Mənbic şəhərində İŞİD terror təşkilatı ilə əlaqəli olduğu bildirilən qrupun fəaliyyətinə son qoyub. Suriya hakimiyyəti qrup üzvlərini bir sıra silahlı hücumlarda və qətllərdə iştirak etməkdə ittiham edir.
MSNews.az xəbər verir ki, əməliyyat barədə noyabrın 5-də Hələb Daxili Təhlükəsizlik Komandanlığının mətbuat xidməti məlumat yayıb.
İraqın “Shafaq News” agentliyinin məlumatına görə, Mənbicdə fəaliyyət göstərən İŞİD özəyinin bölgədə bir sıra hücum və sui-qəsdlərlə əlaqəli olduğu bildirilir.
Suriyanın dövlət televiziyası “Al-Ikhbariya”ya danışan təhlükəsizlik mənbəyi əməliyyatın Baş Kəşfiyyat İdarəsi və daxili təhlükəsizlik qüvvələrinin birgə fəaliyyəti nəticəsində həyata keçirildiyini təsdiqləyib.
Bununla belə, saxlanılan şəxslərin sayı, kimlikləri və onlara aid edilən cinayətlərin konkret təfərrüatları açıqlanmayıb. Hakimiyyətin irəli sürdüyü ittihamlar hələ müstəqil şəkildə təsdiqlənməyib.
Qeyd edək ki, Suriya təhlükəsizlik qüvvələri son aylarda İŞİD şəbəkələrinə qarşı əməliyyatları intensivləşdirib.
Sentyabrın 27-də də Rəqqa, Hələb, İdlib və Homs vilayətlərində fəaliyyət göstərdiyi bildirilən başqa bir İŞİD şəbəkəsinin zərərsizləşdirildiyi açıqlanmışdı. Həmin əməliyyat zamanı bir neçə nəfər saxlanılmış, partlayıcı maddələr müsadirə edilmişdi.