29 sentyabr 1929-cu il. Sovet İttifaqında adi bir bazar günü…
İnsanlar istirahət edir, ev işləri ilə məşğul olur, bəziləri isə kilsəyə gedirdi. Hər şey adi görünürdü. Lakin bu bazar günü tarixə qeyri-adi bir gün kimi düşəcəkdi. Çünki bu gündən sonra zəhmətkeşlər üçün nə şənbə, nə də bazar günü anlayışı qalacaqdı.
İosif Stalinin rəhbərliyi altında sovet hökuməti hesab edirdi ki, istirahət günləri sənaye və təsərrüfatın inkişafına mane olur. Onların fikrincə, dövlət mexanizmi fasiləsiz işləməli idi. Məhz, bu yanaşmanın nəticəsi olaraq, növbəti həftədən etibarən ənənəvi istirahət günləri ləğv edildi. İşçilərin təxminən 80%-i həftə ərzində fasiləsiz işləməyə məcbur edildi.
Sovet iqtisadçısı və siyasətçisi Yuri Larinin ifadəsi ilə desək:
“Sovet maşını heç zaman dayanmamalıdır.”
Bu yeni sistem “Neprerıvka” (rusca “Непрерывка” – fasiləsiz iş) adlandırıldı. Təqvim 1 oktyabr 1929-cu ildə qüvvəyə mindi və 1 dekabr 1931-ci ilədək tətbiq olundu. Ənənəvi yeddi günlük həftədən fərqli olaraq, bu sistemdə günlər xüsusi rənglərlə və simvollarla qeyd edilirdi. İşçilər müxtəlif qruplara bölünür, hər qrup üçün fərqli istirahət günləri müəyyən edilirdi.
Nəticədə ailə üzvlərinin eyni vaxtda istirahət etməsi mümkün olmurdu. Məsələn, bir gün ər işlədiyi halda, həyat yoldaşı istirahətdə olurdu və ya əksinə. Bu isə ailə həyatının pozulmasına, sosial narazılıqların artmasına səbəb oldu.
Artan etirazlar fonunda 1930-cu ildə sistemdə dəyişiklik edildi və ailə üzvlərinin eyni vaxtda istirahət etməsinə imkan verən qayda tətbiq olundu. Yeni qaydaya əsasən, il ərzində 360 gün iş günü (72 həftəlik beşgünlük sistem) və cəmi 5 gün ümumi istirahət günü nəzərdə tutulurdu.
Nəhayət, 26 iyun 1940-cı ildə yeddi günlük iş həftəsi yenidən bərpa edildi. Lakin bu dəfə də sərt əmək qanunları tətbiq olundu. Qanuna əsasən, işini icazəsiz tərk edən və ya 20 dəqiqədən artıq gecikən işçilər cinayət məsuliyyətinə cəlb oluna bilərdi.
Bu təcrübə Sovet tarixində əmək siyasətinin ən sərt və mübahisəli dövrlərindən biri kimi yadda qaldı.