Pifaqor: Riyaziyyat, numerologiya və reinkarnasiyanın əfsanəvi dünyası

Pifaqorun yalnız riyaziyyatçı deyil, həm də filosof, dini lider və mistik düşüncə sahibi olduğunu bilirdinizmi? Onun həyatı, pifaqorçuluq, reinkarnasiya, rəqəmlərin fəlsəfəsi və bu qədim qardaşlığın sirli dünyası haqqında ətraflı araşdırma.

Orta məktəbdə riyaziyyat kitabına nəzər salan hər kəs Pifaqor adını görəcək. Çoxları onun qədim Yunanıstandan olan məşhur riyaziyyatçı olması faktı ilə tanış olacaq və çoxları onun Pifaqor teoremi ilə məşhur olduğunu biləcək. Ancaq bir çox insan Pifaqorun həm də filosof və dini lider olduğunu bəlkə də bilmir.

Pifaqorun həyatından danışarkən qədim mənbələri diqqətlə tədqiq etmək lazımdır, çünki onların çoxu faktı fantaziya ilə qarışdırmağa meyllidir. Böyük riyaziyyatçının təxminən e.ə. 570-ci ildə varlı bir ailədə dünyaya gəldiyinə inanılır.  Atası Mnesarx qiymətli daş oyma ustası, anası Pifiya isə zəngin Geomori ailəsindən idi. Suriyalı filosof Lamblikusa görə, Pifaqora doğuşdan müdriklik verilmişdi. Mnesarx həyat yoldaşının hamilə olduğunu bildikdə Delfiyə, kahinin yanına aparır. Kahin doğulacaq körpənin bəşəriyyətə fayda verəcək müdrik bir insan olacağını deyir.

Deyilənə görə, gənc Pifaqora Sokratdan əvvəlki bir sıra əfsanəvi filosoflar, o cümlədən Anaksimandr və Miletli Fales də daxil olmaqla, yeddi müdrikdən ikisi təlim keçmişdir. Daha az etibarlı mənbələrə görə isə əfsanəvi Orfey özü Pifaqorun təlimləndirilməsi ilə məşğul olub.

Qədim mənbələr gənc Pifaqorun çox səyahət etdiyini iddia edir, lakin onun hara getdiyi ilə bağlı kifayət qədər mübahisələr var. Bəzi məlumatlarda onun Babil və Finikiyaya təhsil almaq üçün getdiyi bildirilir, lakin hamı bu faktla razılaşmır. Çox güman ki, o, Misirə gedib, orada Fiv kahinlərindən dərs alıb. Orada olarkən həndəsə, riyaziyyat və metempsikozun (reinkarnasiya) əsaslarını öyrənib.

Səyahətlərini başa vurduqdan sonra Pifaqor Samosa qayıdaraq burada öz məktəbini (baxmayaraq ki, bəzi mənbələr bunun Krotonda olduğunu iddia edir) yaradır. Bu, zahirən bir riyaziyyat məktəbi olsa da, çox güman ki, pifaqorçuluğun əsas fəlsəfi prinsipləri burada inkişaf etmişdi.

Pifaqor 60 yaşında ikən tiran Polikratın zəbt etdiyi Samosu tərk edərək İtaliyanın cənubundakı Krotona köçür. Bir az sonra o, öyrətməkdən yorulub öz icmasını yaradır.

İlk Pifaqor icması tez bir zamanda mindən çox izləyicini özünə cəlb etdi. Təxminən 20 il ərzində icma Krotondakı qonşuları ilə birlikdə dinc şəraitdə yaşadı.

E.ə. 510-cu ildə Kroton müdrik pifaqorçuların köməyi ilə Sibaris şəhərini döyüşdə məğlub etdi. Bu qələbə yerli əhalini demokratik konstitusiya qurmaq istədikləri barədə qərar verməyə vadar etdi, Pifaqor isə bununla razılaşmadı (o hesab edirdi ki, kütlələr özlərini idarə edə bilməyəcək qədər məlumatsızdırlar və demokratiya kütlənin idarəçiliyinə gətirib çıxaracaq). Kroton xalqı bunu pis qəbul etdi və demokratlar qısa müddət sonra Pifaqora və onun bəzi ardıcıllarına sui-qəsd etməyə cəhd etdilər.

Onlar bunu görkəmli Pifaqorçu, Olimpiya idmançısı Milonun evini Pifaqor və onun bəzi ardıcılları içəridə olarkən yandıraraq həyata keçirdilər. Bundan sonra baş verənlər fərziyyələrdir.

Bəzi mənbələr Pifaqorun Milonun evində olduğunu, lakin yanğında bir çox tərəfdarını itirərək qaçmağı bacardığını bildirir. Bunun ardınca, onun ardıcıllarının qalanını götürüb Metapontuma qaçdığı, susuzluq və aclıqdan ölənə qədər 40 gün gizləndiyi deyilir.

Hekayənin başqa bir versiyasında Pifaqorun öz tərəfdarlarının cəsədləri üzərindən keçərək yanğından xilas olduğu, daha sonra onun bütün bunlara dözməyərək intihar etdiyi qeyd olunur.

Diogenin bildirdiyi və ən az ehtimal olunan hekayədə isə deyilir ki, Pifaqor qaçdı, lakin onun yolunu paxlalı tarla bağladı. Pifaqorçular paxlanın müqəddəs olduğuna inanırdılar, buna görə də onların arasından keçməkdən imtina etdi. Yerli sakinlər daha sonra onu tutaraq edam etdilər. 

Həqiqət nə olursa olsun, Pifaqor demokratiyaya qarşı çıxarkən qorxduğu kütlə idarəçiliyi tərəfindən öldürülmüş kimi görünür.

Onların liderinin ölümü pifaqorçuları dayandırmadı. Bu adam onların ibadət etdikləri peyğəmbər kimi qəbul olunmuşdu. Bu gün bəzi tarixçilər Pifaqorun həqiqətən də hər hansı mühüm kəşflər edib-etmədiyinə və ya onun davamçılarının sadəcə olaraq başqa insanların uğurlarını həlak olmuş liderlərinə aid etdiklərinə şübhə edirlər.

Ona sitayiş edərkən Pifaqor fövqəltəbii güclərə malik ilahi peyğəmbər kimi təsvir edilirdi. Məsələn, onun gələcəyi görə biləcəyinə inanırdılar. Bəzi Pifaqorçular da onun bir vaxtlar yeraltı dünyasına getdiyini və sağ-salamat qayıtdığını iddia edirdilər.

Reinkarnasiya Pifaqorçuluğun mərkəzi inancı idi və onun ardıcılları liderlərinin onun bütün keçmiş həyatını xatırlaya biləcəyini iddia edirdilər. Güman ki, o, Hermes oğlu Aetalides, Troya müharibəsi zamanı ölən Euphorbus, Hermontimus və təvazökar balıqçı Pyrrhus ilə eyniləşdirilirdi. Bu iddialar Pifaqoru sadəcə müdrik insan deyil, həm də qədim biliklərə sahib olan ilahi varlıq kimi təsvir edir.

Pifaqorçular Pifaqora sitayiş etməkdən başqa rəqəmlərə də sitayiş edirdilər. Pifaqor fəlsəfəsində kainat rəqəmlərdən ibarətdir və buna görə də hər şeyi saymaq, riyaziyyat vasitəsilə kainatın bütün sirlərini açmaq olar.

Gözəl fikir kimi səslənir, amma fəlsəfənin bəzi qəribəlikləri var. Bu, erkən riyaziyyat idi və Pifaqor yalnız təbii ədədlərə  inanırdı və hələ Hindistandan keçmədiyi üçün sıfırın mövcudluğundan xəbəri yox idi. Pifaqor numerologiyası dünyasında mənfi rəqəmlər küfr hesab olunurdu. Hətta bir hekayə Pifaqorun irrasional ədədləri kəşf etdikdən sonra ardıcıllarından biri Hippiası necə öldürdüyündən bəhs edir. Bu, yəqin ki, doğru deyil, amma eyni zamanda maraqlıdır.

Müxtəlif rəqəmlərin müəyyən ilahi mənaları var idi. Məsələn, bir ilahi zəka və birliyi, iki isə düşüncəni və dünyəvi materiyanı təmsil edirdi. Üç xüsusilə vacib idi. Üç, tanrı Apollona bağlanırdı və reallığın cəmi olduğuna inanılırdı – başlanğıc, orta və son… Üç həm də mükəmməl insanı təmsil edirdi.  Pifaqorçular üçün hətta mücərrəd şeylər də rəqəmlərlə ifadə olunurdu. Məsələn,  “ədalət” dörd rəqəmi və kvadratla , “ nikah ” beş rəqəmi ilə əlaqələndirilirdi.

Ən əsası, mükəmməl sayılan on rəqəmi idi. 1 + 2 + 3 + 4 = 10 formulası ilə ifadə olunurdu. Pifaqorçular yalnız on nəfərlik qruplar halında görüşür və cərgələri ona çatan üçbucaqlı tetrada sitayiş edirdilər.

Harmoniya ideyası Pifaqor inanclarının digər mühüm sütunu idi və yenə də rəqəmlərlə təmsil olunurdu. Pifaqor öyrədirdi ki, harmoniya cüt və tək ədədlərlə təmsil olunan əksliklərin tarazlığı ilə əldə edilir. Kainatdakı bütün ikiliklər  – kişi və qadın, sağ və sol, işıq və qaranlıq, yuxarı və aşağı, və s. ifadələr ilə təqdim olunur. Yeganə istisna həm cüt, həm də tək say hesab olunan bir rəqəmi idi.

Pifaqorçular iddia edirdilər ki, riyaziyyatdan istifadə edərək musiqini intervallara və oktavalara çevirmək mümkündür. Pifaqor və şagirdləri ən ahəngdar musiqi intervallarını tapmağa çalışaraq, erkən musiqi alətləri ilə demək olar ki, təcrübələr aparırdılar.

Sonralar Pifaqorçular bu təlimləri genişləndirdilər. Onlar universal musiqiyə inanırdılar ki, bu da ulduzların özlərinin harmonik səs çıxarması və bir-birinə nisbətdə hərəkət etməsi ideyası idi. Pifaqorçu Filola Kopernikin xəbərçisi idi, çünki o, planetlərin kainatın mərkəzi olmasına yox, mərkəzi alov ətrafında hərəkət etdiyinə inanırdı. O, öz dövrünü qabaqlasa da, Pifaqorçuların Yerin dairəvi olduğunu düşündüyünə dair heç bir sübut yoxdur və onlar Yerin fırlanmasına inanmırdılar.

Pifaqorçular, adətən başqa dinlərdə reinkarnasiyaya aid edilən əxlaqi təlimlərin əksəriyyətindən məhrum olan unikal reinkarnasiya formasına inanırdılar. Pifaqor reinkarnasiyasında həyatdakı hərəkətlərimizin necə reinkarnasiya olunduğumuza heç bir təsir göstərmədiyi qeyd olunurdu. Yəni yaxşı, əxlaqlı bir insan “mükəmməl” bir həyat sürə və qurd kimi reinkarnasiya oluna bilər, ən pis insan isə bəxti gətirib padşah kimi qayıda bilər.

Özlərini Pifaqor həyat tərzinə həsr edən, onun ciddi qaydalarına və rituallarına əməl edənlər ruhlarını təmizləyə bilirdilər. Bu yolla onlar dövrandan azad olacaq və onlar axirətdə tanrılara və sevimli Pifaqora qoşula biləcəkdilər. 

Pifaqorçular hər cür ət, balıq və ya lobya yeməkdən çəkinirdilər. Onlar həmçinin sağlam bədən və sağlam ağıl versiyasına inanırdılar. Ət yeməmək əslində ondan iyrənmək deyildi; sağlam bədən qurmaq və Areteyə (mükəmməllik üçün yunan termini) nail olmaq üçün idi. Sağlam pəhriz Pifaqorçuların gündəlik həyatının böyük bir hissəsi hesab olunurdu.

Onlar hesab edirdilər ki, heyvanı özünümüdafiədən başqa bir şey üçün öldürmək insanın mənəviyyatını azaldır. Bundan əlavə, qəbul edilirdi ki, insanlar əsasən heyvanlarla eynidir, sadəcə daha ağıllıdır. Onlara görə, hər bir canlı hissiyyatlıdır və ən azı minimal dərəcədə rasionaldır.

Bu arqument o qədər inandırıcı idi ki, bir çox müasir filosoflar vegetarian olmağı seçdilər, bu, əsasən ət yemək mədəniyyətində təsirli bir uğur idi.

Şagirdləri üçün menyuda lobyadan başqa bir şey yox idi. Guya Pifaqor ya lobyanın ölülərin ruhunu ehtiva etdiyinə, ya da lobya yemək nəticəsində yaranan küləyin “həyat nəfəsini” götürdüyünə inanırdı. O, həqiqətən də buna inanıb, yoxsa bu, rəqiblərinin onun kultunu axmaq kimi göstərmək cəhdi olub-olmadığı məlum deyil.

Pifaqor Qardaşlığına qoşulmaq müasir hippi icmasına qoşulmağa çox bənzəyirdi. Bir çox Pifaqorçular Pifaqorun qoyduğu qaydalara bağlı olaraq asket həyat tərzi keçirdikləri icmalarda birlikdə yaşayırdılar. Onlar hamının bərabər olduğu bərabərlikçi bir sistemə sahib olduqlarını iddia etsələr də, həmişə hamıdan üstün olan bir lider var idi.

Ən maraqlısı o idi ki, yeni namizədlərin qoşularkən bütün dünyəvi mülklərini təhvil vermələri gözlənilirdi. Sonra bu mülklər icma arasında bölüşdürülürdü. Bu, yalan kimi səslənsə də, demək lazımdır ki, kimsə icmanı tərk edərdisə və ya müddətini başa vurmazdısa, malları faizlə geri qaytarılırdı.

Hər bir yeni üzv beş illik sürəcdən keçirilirdi. Onlar susmağa and içməli idilər və bu müddət bitənə qədər Pifaqorla və ya onun varisləri ilə görüşməyə icazə verilmirdi. Bu, əsl qardaşlıq idi və üzvlər bir-birləri ilə sülh və çətinlik dövründə lazım olan hər şeyi bölüşürdülər.

Bəlkə də ən təsirlisi odur ki, qədim yunan cəmiyyəti dərin patriarxal olsa da, Pifaqorçular istisna idi. Onlar, həqiqətən, bərabərhüquqlu idilər və qadınlara nəinki dinə qoşulmaq, həm də təhsil almaq imkanı verirdilər. Ənənəyə görə Pifaqorun anası, arvadı və qızları onun yaxın çevrəsinin görkəmli üzvləri və mühüm hissəsi idi.

Onun həyat yoldaşı Krotonlu Theano erkən Pifaqorçuluğa böyük təsir göstərmiş və özlüyündə hörmətli bir filosof olmuşdu. O, hətta ərinin ölümündən sonra bir müddət bu dini öz üzərinə götürmüşdü. Kultun digər qadın üzvləri ən erkən qeydə alınmış qadın filosoflardan bəziləri idi.

Kult üzvlərinin ciddi qaydalarla yaşadığını deyəndə zarafat etmirdik. Təmiz ruhu qorumaq üçün Pifaqorçular liderlərinin təlimlərinə əməl etməli idilər.

Bu təlimlər və qaydalar simvola və ya akusmata adlanan şifahi kəlamlar toplusu idi. Bunların bir çoxu zamanla itirilsə də, sağ qalanlar olduqca qəribə ola bilər. Kult üzvlərinə bıçaqla od yandırmaq və ya masadan düşən yeməyi götürmək qadağan edilirdi. Digər qaydalara yun geyməmək daxil idi və üzvlər həmişə ilk növbədə sağ ayaqqabılarını geyinirdilər.

Üzvlərdən hər səhər yeməyindən əvvəl tənha gəzintiyə çıxmaları və hər gün məşq etmələri tələb olunurdu. Səhər yeməyi həmişə çörək və baldan ibarət olurdu. Üzvlər gündüz işləyib, ardınca qrup gəzintisi və on nəfərlik ümumi şam yeməyi edirdilər. Pifaqorçular yatmazdan əvvəl liderlərinin təlimlərini müzakirə edir və əxlaqi fəzilətlər haqqında mübahisələr aparırdılar.

Liderlərinin ölümündən çox keçməmiş, Pifaqorçular parçalanmağa başladı. Tezliklə onlar iki fərqli qrupa –  Akousmatikoi (dinləyicilər) və mathēmatikoi (öyrənənlər) bölündülər.

Akousmatikoi daha mühafizəkar idi. Onlar öz inanclarının dini və ritualistik tərəfləri ilə maraqlanırdılar. Təbiətcə doqmatik olaraq, Pifaqor düşüncəsini irəli aparmaq və ya onun aspektlərini yenidən şərh etmək üçün istənilən cəhdi məhv etdilər. Onlar həmçinin Pifaqorun riyaziyyatı mükəmməlləşdirdiyinə inanırdılar və hər hansı bir irəliləyişə məhəl qoymurdular. Akousmatikoi digərlərini bidətçi kimi görürdü və onları qəbul etməkdən imtina edirdi. Xarici dünya onlar üçün qəribə idi. Əslində, onlar keçmişdə ilişib qalmışdılar.

Mathēmatikoi isə tam əksinə, qurucularının fəlsəfi təlimlərinə hörmətlə yanaşırdılar, lakin onun missiyasını davam etdirmək istəyirdilər. Məhz, onlar kosmos haqqında yeni nəzəriyyələr, o cümlədən planetlərin mərkəzi alov ətrafında fırlanması və qalaktikanın universal musiqi forması ilə bağlanması ideyasını inkişaf etdirdilər. Onlar digər mütəfəkkirlərə də açıq idilər və Pifaqorun rəhbərliyi altında təhsil almış Hippasın təlimlərinə əməl etməyə başladılar.

Bu parçalanmaya baxmayaraq, hər iki qrupun fəaliyyəti bir əsrdən çox davam etdi və Pifaqorun təlimlərini dinləmək istəyənlərə yaydı. Lakin zaman keçdikcə inanc sistemi qaranlıqda qaldı. Akousmatikoi kiniklər tərəfindən uduldu, Mathēmatikoi isə Platon fəlsəfə məktəbinə qoşuldu.

Bununla belə, hekayə sona çatmadı. E.ə. I əsrdə Pifaqor fəlsəfəsinin yeni forması – neopifaqorçular meydana çıxdı. Bu yeni düşüncə məktəbi Pifaqorçuluğu Platon, Aristotel və Stoik filosoflar kimi digər böyük mütəfəkkirlərin təlimləri ilə birləşdirdi. Onların asket doktrinaları erkən xristian ilahiyyatçılarına güclü təsir göstərmişdi.

Pifaqor Qardaşlığı sonda tamamilə yoxa çıxsa da, onun təlimlərinin təsiri bu gün də hiss olunur. Onların izi xristianlıqda, müasir riyaziyyatda, numerologiyada və hətta musiqi nəzəriyyəsində hiss olunur. Elmi inqilabın böyük ağıllarının çoxu fəlsəfəni elmlə qarışdıraraq erkən Pifaqorçuluqdan ilhamlanmışdır. 

***************

Ancient origins

Britannica

Occult World

 

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.