Niderland Yaponiya ilə sülh bağladı

FIFA Dünya Kubokunun "F" qrupunda Niderland və Yaponiya milliləri 2:2 hesablı heç-heçə edib. Yaponlar son dəqiqələrdə Koki Oqavanın qolu ilə məğlubiyyətdən xilas olublar.

13

Niderland və Yaponiya milliləri 2026 FIFA Dünya Kubokuna dramatik heç-heçə ilə başlayıblar.

MSNews.az xəbər verir ki, “F” qrupunun ilk turunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Oyun ABŞ-ın Texas ştatında, Arlinqton şəhərindəki “AT&T Stadium”-da keçirilib.

İlk hissə qolsuz başa çatıb. İkinci hissənin əvvəlində Vircil van Deyk baş zərbəsi ilə Niderlandı hesabda önə keçirib. Yaponiya az sonra Keyto Nakamuranın zərbəsi ilə hesabı bərabərləşdirib.

Niderland millisi 64-cü dəqiqədə yenidən üstünlüyü ələ alıb. Krisensio Sammervill uzaq küncə dəqiq zərbə ilə komandasının ikinci qolunu vurub.

Bununla belə, Yaponiya sona qədər mübarizəni dayandırmayıb. Son dəqiqələrdə meydana sonradan daxil olan Koki Oqava yaponların bərabərlik qoluna imza atıb.

Bu nəticədən sonra hər iki komanda “F” qrupunda turnirə 1 xalla başlayıb. Qrupun digər komandaları İsveç və Tunisdir.