Dünya Çempionatı ilk dəfə 3 ölkədə keçiriləcək

2026 FIFA Dünya Çempionatı tarixdə ilk dəfə üç ölkənin — ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə təşkil olunacaq. Turnirdə 48 komanda iştirak edəcək və 16 şəhərdə 104 oyun keçiriləcək.

14

2026 FIFA Dünya Çempionatı futbol tarixində ilk dəfə üç ölkənin birgə ev sahibliyi ilə keçiriləcək.

MSNews.az xəbər verir ki, “Anadolu Agentliyi”nin məlumatına görə, turnir ABŞ, Kanada və Meksikanın ortaq ev sahibliyi ilə təşkil olunacaq. Bu, 1930-cu ildə Uruqvayda başlayan Dünya Çempionatı tarixində ilk üç ölkəli turnir olacaq.

İndiyədək keçirilən 22 Dünya Çempionatının 21-i tək ölkənin ev sahibliyi ilə baş tutub. Yeganə istisna 2002-ci ildə Cənubi Koreya və Yaponiyanın birlikdə təşkil etdiyi turnir olub. Həmin mundial həm də Asiya qitəsində keçirilən ilk Dünya Çempionatı kimi tarixə düşüb.

FIFA”nın məlumatına görə, 2026 Dünya Çempionatı yeni formatda təşkil olunacaq. Turnirdə ilk dəfə 32 yox, 48 milli komanda mübarizə aparacaq. Mundial ərzində ümumilikdə 104 oyun keçiriləcək.

Turnir Şimali Amerikanın 16 şəhərini əhatə edəcək. “FIFA”nın rəsmi məlumatında ev sahibi ölkələr kimi Kanada, Meksika və ABŞ göstərilir. Oyunlar dörd fərqli saat qurşağında yerləşən stadionlarda baş tutacaq.

Anadolu Agentliyi” yazır ki, 2026-cı il mundialı miqyasına görə əvvəlki turnirlərdən fərqlənəcək. Həm iştirakçı komanda sayının artırılması, həm də oyunların üç ölkəyə yayılması turniri FIFA tarixinin ən böyük futbol tədbirlərindən birinə çevirəcək.

FIFA”nın məlumatına görə, turnirin açılış oyunu 11 iyun 2026-cı ildə Meksikanın paytaxtı Mexikoda keçiriləcək. Mundial iyulun 19-dək davam edəcək.

Meksika daha əvvəl 1970 və 1986-cı illərdə Dünya Çempionatına ev sahibliyi edib. ABŞ 1994-cü ildə turniri qəbul etmişdi. Kanada isə kişilər arasında FIFA Dünya Çempionatına ilk dəfə ev sahibliyi edəcək.

Qeyd edək ki, 2026 Dünya Çempionatı həm format, həm coğrafi əhatə, həm də iştirakçı sayı baxımından mundial tarixində yeni mərhələ hesab olunur