Sosial şəbəkələrdə Donald Trampın Ağ Evdə qeyri-adi görünüşlü şəxslərlə görüşdüyünü iddia edən görüntü geniş müzakirələrə səbəb olub.
MSNews.az xəbər verir ki, görüntüdə Tramp olduğu iddia edilən siyasi fiqurun uzun ağ saçlı, qırmızı hərbi üslublu geyimdə olan şəxslərlə söhbət etdiyi görünür. Paylaşım qısa müddətdə müxtəlif dillərdə yayıılıb və “bu şəxslər kimdir?” sualı ilə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Paylaşımlarda qeyd edilir ki, guya Ağ Evdə Trampla görüşən bu şəxslər “Qalaktika Federasiyası”na və ya ya mifoloji yeraltı sivilizasiya kimi təsvir olunan Aqartaya mənsub nümayəndələrdir.
Lakin fakt-yoxlama mənbələri görüntünün real hadisəni əks etdirmədiyini bildirir. “Economic Times” yazır ki, yayılan kadrlar süni intellektlə yaradılmış görüntü kimi qiymətləndirilir və onların real görüşə aid olduğuna dair sübut yoxdur.
“MEAWW” da görüntünün real hadisəni göstərmədiyini, sosial şəbəkələrdə yayılan iddianın sübuta yetirilmədiyini qeyd edib. Mənbəyə görə, kadrlarda göstərilən fiqurların geyimi və görünüşü heç bir rəsmi tədbir və ya Ağ Ev protokol görüntüləri ilə uyğun gəlmir.
“Latestly” isə görüntünün “sızdırılmış foto” kimi təqdim edilməsinin yanlış olduğunu yazıb. Nəşr bildirir ki, belə bir görüşün baş tutduğunu təsdiqləyən etibarlı rəsmi məlumat yoxdur.
Viral görüntü süni intellektlə yaradılan kontentin sosial şəbəkələrdə necə sürətlə yayıla bildiyini bir daha gündəmə gətirib. Ekspertlər bu cür şəkillərin real foto kimi paylaşılmasının dezinformasiyaya səbəb ola biləcəyini bildirirlər.
Hazırda görüntünün real görüşü əks etdirdiyinə dair heç bir təsdiqlənmiş məlumat yoxdur.