Almaniya Hərbi Hava Qüvvələri Rusiyaya xəbərdarlıq etdi

Almaniya Hərbi Hava Qüvvələrinin komandanı Holger Neumann “The Telegraph”a müsahibəsində bildirib ki, Rusiya NATO-ya hücum edərsə, Almaniya cavab verməyə hazırdır.

10

Almaniya Hərbi Hava Qüvvələrinin komandanı Holger Neumann Rusiyaya qarşı sərt xəbərdarlıqla çıxış edib.

MSNews.az xəbər verir ki, general-leytenant Holger Neumann “The Telegraph”a müsahibəsində Almaniya Hərbi Hava Qüvvələrinin NATO ərazisinə mümkün hücum halında dərhal cavab verməyə hazır olduğunu bildirib.

BILD-in “The Telegraph”a istinadən yaydığı məlumata görə, Neumann Almaniyanın “bu gecə döyüşməyə hazır” olduğunu deyib. Onun sözlərinə görə, Rusiya NATO üzvlərindən hər hansı birinə hücum edərsə, Alyansın cavabı genişmiqyaslı və sərt olacaq.

Neumann bildirib ki, NATO daxilində “müxtəlif təhlükəsizlik zonaları” anlayışı yoxdur və Alyansın hər bir santimetri eyni dərəcədə qorunmalıdır.

“Hamı üçün aydın olmalıdır ki, müxtəlif təhlükəsizlik səviyyəsinə malik zonalar yoxdur. NATO son santimetrədək NATO-dur”, – deyə o vurğulayıb.

Alman general mümkün təhlükə zonaları sırasında Kalininqradı, Sankt-Peterburqu, Kola yarımadasını və Qara dəniz regionunu qeyd edib. Onun sözlərinə görə, bu bölgələr NATO-nun təhlükəsizlik baxımından diqqətlə izləməli olduğu əsas istiqamətlərdir.

Neumann əlavə edib ki, Rusiya ilə hərbi qarşıdurma arzuolunan ssenari deyil. Lakin belə bir vəziyyət yaranarsa, Almaniya Hərbi Hava Qüvvələri NATO ilə birlikdə öz ərazisini, əhalisini və Alyansın dəyərlərini müdafiə etmək üçün bütün imkanlardan istifadə edəcək.

BILD yazır ki, bu bəyanatlar son illərdə Almaniya hərbi rəhbərliyindən Rusiyaya ünvanlanan ən sərt mesajlardan biri hesab olunur. Nəşr qeyd edir ki, Berlin son dövrlərdə müdafiə xərclərini artırır və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə xüsusi diqqət yetirir.

Holger Neumann 2025-ci ilin mayından Almaniya Hərbi Hava Qüvvələrinin rəhbəridir. O, daha əvvəl Tornado və Eurofighter pilotu kimi xidmət edib və Bundeswehr sistemində müxtəlif rəhbər vəzifələrdə çalışıb.