40 yaşlı Vozinya İspaniya ulduzlarını dayandırdı

Kabo-Verde millisinin 40 yaşlı qapıçısı Vozinya Dünya Kubokunda İspaniyaya qarşı oyunda qəhrəmana çevrilib. Portuqaliyanın ikinci liqasında çıxış edən qolkiper komandasına tarixi xal qazandırıb.

12

Kabo-Verde millisinin 40 yaşlı qapıçısı Vozinya Dünya Kubokundakı tarixi debüt oyununda diqqət mərkəzinə düşüb.

MSNews.az xəbər verir ki, Kabo-Verde 2026-cı il FIFA Dünya Kubokunun “H” qrupunda favoritlərdən sayılan İspaniya ilə 0:0 hesablı heç-heçə edib. Qarşılaşmanın əsas qəhrəmanlarından biri qapıçı Vozinya olub.

İspaniya matç boyunca hücumda üstün olsa da, Kabo-Verde intizamlı müdafiə və Vozinyanın inamlı oyunu sayəsində qapısını toxunulmaz saxlayıb. Qolkiper Ferran Torres, Fabian Ruiz, Lamin Yamal və digər İspaniya futbolçularının yaratdığı təhlükəli epizodlarda komandasını qoldan xilas edib.

Vozinyanın tam adı Jozimar Joze Evora Diaşdır. “Transfermarkt”ın məlumatına görə, 1986-cı il iyunun 3-də Mindeloda anadan olan qapıçı hazırda Portuqaliyanın ikinci liqasında çıxış edən “GD Chaves” klubunun futbolçusudur.

The Sun” yazır ki, İspaniyaya qarşı oyun zamanı Vozinya sosial şəbəkələrdə də böyük populyarlıq qazanıb. Nəşrin məlumatına görə, braziliyalı şərhçilərin çağırışından sonra qapıçının “Instagram” izləyicilərinin sayı qısa müddətdə kəskin artıb – 50 min izləyicidən 1.5 milyon izləyiciyə yüksəlib.

Qapıçının “Vozinya” ləqəbi də yenidən gündəmə gəlib. FIFA daha əvvəl onun uşaqlıqdan bu ləqəblə tanındığını yazmışdı. Portuqal dilində “vozinha” ifadəsi “nənəciyim” və ya “balaca nənə” mənasına yaxın şəkildə işlədilir.

Vozinyanın futbol yolu da qeyri-adi hesab olunur. O, 2012-ci ildə Anqolanın “Progresso Sambizanga” klubunda çıxış edib. Həmin dövrdə qapıçının artıq 25 yaşı var idi.

İspaniya ilə 0:0 hesablı heç-heçə Kabo-Verde futbolu üçün tarixi nəticədir. Dünya Kubokunda ilk dəfə çıxış edən ada dövləti Avropa çempionu olan İspaniyadan xal almağı bacarıb.

Vozinyanın performansı isə bu nəticənin simvollarından birinə çevrilib. 40 yaşlı qapıçı mundialın ilk oyununda həm İspaniya ulduzlarını dayandırıb, həm də adını dünyanın futbol gündəminə yazdırıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti