Braziliyalı müdafiəçi Tiaqo Silva Portuqaliyanın “Portu” klubundan ayrılır. 41 yaşlı futbolçunun klubla müqaviləsi başa çatıb və o, mövsümün sonunda azad agent statusu alacaq. “A Bola”nın məlumatına görə, Silvanın müqaviləni daha bir il uzatmaq imkanı olsa da, tərəflər ayrılıq qərarı veriblər.
Tiaqo Silva “Portu”ya 2025-ci ilin dekabrında “Fluminense”dən ayrıldıqdan sonra keçmişdi. Klubun rəsmi açıqlamasında braziliyalı müdafiəçinin 2004/05 mövsümündə “Portu B”də çıxış etdikdən sonra yenidən “əjdahalar”a qayıtdığı bildirilmişdi.
Təcrübəli müdafiəçi “Portu”dakı qısa dönəmində 14 oyuna çıxıb və komanda ilə Portuqaliya çempionluğunu qazanıb. Klub braziliyalı futbolçuya gələcək karyerasında uğurlar arzulayıb və “Portu”nun hər zaman onun evi olaraq qalacağını bildirib. (A Bola)
Silvanın Avropaya qayıdışının əsas səbəblərindən biri DÇ-2026 öncəsi oyun praktikası qazanmaq və Braziliya millisinə qayıtmaq istəyi kimi göstərilirdi. Lakin Karlo Ançelottinin açıqladığı Braziliya yığmasının yekun heyətində 113 oyunluq təcrübəli müdafiəçi yer almayıb.
Ançelotti DÇ-2026 üçün heyətə Neymarı daxil etsə də, bir sıra futbolçular siyahıdan kənarda qalıb. Braziliyanın müdafiə xəttində Markinyos, Danilo, Aleks Sandro, Qabriel Maqalyayeş, Bremer, Uesli, Rocer İbanyez, Duqlas Santos və Leo Pereira kimi oyunçular yer alıb.
Silvanın bundan sonra karyerasını davam etdirib-etdirməyəcəyi hələlik məlum deyil. “A Bola” yazır ki, futbolçu “Portu”dan çox razı ayrıldığını və bu titulun karyerasının əsas uğurlarından biri kimi tarixdə qalacağını bildirib.