Kiyev gecə saatlarında Rusiyanın kütləvi raket və dron hücumunun hədəfinə çevrilib.
MSNews.az xəbər verir ki, Ukrayna paytaxtında gecə hücumu nəticəsində azı 4 nəfər həlak olub. “Ukrainska Pravda”nın məlumatına görə, yaralananların sayı 30-a çatıb, onların arasında uşaqlar da var.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko hücumun şəhərin bir neçə rayonunda dağıntılara səbəb olduğunu bildirib. Xilasedicilər zərbələrin nəticələrinin aradan qaldırılması və dağıntılar altında qalanların axtarışı üzrə işləri davam etdirirlər.
Şəhər meri Vitali Kliçko yaşayış binaları və enerji infrastrukturuna ziyan dəydiyini açıqlayıb. Məlumata görə, elektrik xətlərinin zədələnməsi nəticəsində Kiyevin şimal hissəsində təxminən 140 min sakin elektriksiz qalıb.
Obolon rayonunda yaşayış binasında üçüncü və dördüncü mərtəbələr arasında dağıntı qeydə alınıb. Şəhərin müxtəlif ərazilərində yanğınlar baş verib, hadisə yerlərinə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb olunub.
Hücum zamanı Kiyev-Peçersk Lavrasının ərazisində də yanğın baş verib. Uspenski soborunun damında alov görünüb. Lavra Ukraynanın ən mühüm dini və tarixi abidələrindən biri hesab olunur.
“Reuters”in məlumatına görə, Rusiya tərəfi monastıra zərbə endirdiyini təkzib edib və yanğının Ukrayna hava hücumundan müdafiə raketi ilə bağlı ola biləcəyini iddia edib. Ukrayna tərəfi isə hücuma görə Rusiyanı məsul tutur.
Gecə hücumu fonunda Ukraynanın digər şəhərlərində də partlayışlar və dağıntılar qeydə alınıb. Rəsmi qurumlar itkilərlə bağlı məlumatların yenilənə biləcəyini bildirirlər.