Fransada yaşayış xərclərinin artmasına qarşı keçirilən kütləvi etirazlar zamanı Lill şəhər meriyasına basqın edilib. Nümayişçilər binanın şüşə qapılarını sındıraraq içəri daxil olub, bir sıra otaqlarda dağıntılar törətdikdən sonra ərazidən uzaqlaşıblar.
MSNews.az xəbər verir ki, hadisə oktyabrın 17-də Fransanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları fonunda baş verib.
Fransanın “TF1 Info” nəşrinin AFP agentliyinə istinadən yaydığı məlumata görə, nümayişçilər Lill meriyasının bir neçə girişini zorla açaraq binaya daxil olublar. Hadisə yerindən çəkilmiş görüntülərdə sınmış şüşələr, aşırılmış mebellər və yerə səpələnmiş sənədlər əks olunub.
Şəhər mərkəzində isə günorta saatlarından etibarən yüzlərlə aksiya iştirakçısı ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib.
“Europe 1” radiosunun məlumatına görə, bəzi etirazçılar polisə fişənglər, səki daşları və şüşə butulkalar atıblar. Polis qüvvələri isə gözyaşardıcı qazdan istifadə edərək müdaxilə ediblər.
Hadisələr Lilldə keçirilən dinc nümayişin fonunda yaşanıb. Şəhərdə saat 15:00 radələrində başlayan əsas yürüş yaxınlıqdakı qarşıdurmalar səbəbindən gecikib.
Fransanın digər şəhərlərində də oxşar hadisələr qeydə alınıb. “AFP” agentliyinin məlumatına görə, Marseldə meriya binasına müdaxilə edilib, Lionda isə turizm ofisinin bir bölməsi dağıdılaraq yandırılıb.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron etirazlar zamanı baş verən zorakılıq hallarını pisləyib və ictimai asayişin qorunmasının vacibliyini vurğulayıb.