Türkiyə Ermənistanla sərhədi açmağa hazırdır – Azərbaycanın mövqeyi nəzərə alınacaq

Türkiyə Ermənistanla dəmir yolu və Alican avtomobil sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqları tamamlayıb. Nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirib ki, qarşılıqlı razılıq əldə olunarsa, Azərbaycanın həssaslıqları nəzərə alınmaqla sərhəd qısa müddətdə açıla bilər.

15

Türkiyə Ermənistanla quru və dəmir yolu sərhəd-keçid məntəqələrinin açılması üçün bütün zəruri hazırlıqları başa çatdırıb. Ankara qarşılıqlı razılıq əldə olunacağı təqdirdə sərhəd keçidlərinin qısa müddətdə fəaliyyətə başlaya biləcəyini açıqlayıb. Bununla belə, Türkiyə tərəfi prosesdə Azərbaycanın maraq və həssaslıqlarının nəzərə alınacağını xüsusi vurğulayıb.

MSNews.az xəbər verir ki, bu barədə noyabrın 10-da Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu jurnalistlərə açıqlamasında bildirib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, nazir Ermənistanla sərhəd keçidlərinin açılması məsələsini erməni həmkarı ilə müzakirə etdiyini açıqlayıb.

“Həm dəmir yolu sərhəd-keçid məntəqəsinin, həm də Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün lazımi hazırlıqları tamamlamışıq”, – deyə Uraloğlu bildirib.

Türkiyəli nazirin sözlərinə görə, tərəflər arasında siyasi razılıq əldə olunarsa, sərhəd keçidlərinin fəaliyyətə başlaması uzun vaxt aparmayacaq.

“Qarşılıqlı razılıq əldə edilərsə, Azərbaycanın həssaslıqlarını da nəzərə almaqla bu prosesin çox uzun çəkməyəcəyini düşünürəm”, – deyə nazir vurğulayıb.

Uraloğlu sərhəd-keçid məntəqələrinin yaxın gələcəkdə açılacağına ümid etdiyini də bildirib.

Hazırlıqların tamamlanması Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqların mühüm məsələlərindən biridir.

Söhbət iki ölkə arasında avtomobil nəqliyyatı üçün nəzərdə tutulan Alican–Marqara sərhəd keçidindən və dəmir yolu bağlantısının bərpasından gedir.

Ermənistan tərəfi də sərhədin açılması üçün infrastruktur hazırlıqları həyata keçirib. “Armenpress” agentliyinin məlumatına görə, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan hələ 2026-cı ilin avqustunda Marqara keçid məntəqəsində yenidənqurma və təchizat işlərinin tamamlandığını, obyektin istifadəyə hazır olduğunu açıqlayıb.

Türkiyənin Alican keçid məntəqəsində də yol infrastrukturunun yenilənməsi istiqamətində işlər aparılıb. İğdır bölgəsində sərhədə aparan yolun genişləndirilməsi, nəqliyyat vasitələri üçün dayanacaqların yaradılması və digər infrastrukturun yaxşılaşdırılması nəzərdə tutulub.

Bununla belə, sərhədin faktiki açılması ilə bağlı yekun qərar hələ verilməyib.

Ankara prosesin Azərbaycanın maraqları nəzərə alınmaqla irəliləməsinə önəm verdiyini bir daha nümayiş etdirib.

Uraloğlunun açıqlaması Türkiyə və Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası istiqamətində texniki hazırlığın tamamlandığını göstərsə də, sərhəd keçidlərinin açılacağı konkret tarix hələ elan edilməyib.

 

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.