Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İzmir vilayətində yerləşən metallurgiya zavodunda baş vermiş, çoxsaylı insan tələfatı və yaralanmalarla nəticələnmiş partlayışla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
MSNews.az xəbər verir ki, noyabrın 10-da ünvanlanan məktubun mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.
Dövlət başçısı faciə barədə xəbərin Azərbaycanda dərin kədər doğurduğunu bildirib.
“İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı”, – deyə Prezident məktubunda qeyd edib.
İlham Əliyev Türkiyə Prezidentinə müraciətində Azərbaycan xalqının qardaş Türkiyənin kədərini bölüşdüyünü vurğulayıb.
“Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, – deyə məktubda bildirilib.
Prezident İlham Əliyev müraciətini “Allah rəhmət eləsin!” sözləri ilə tamamlayıb.
Qeyd edək ki, noyabrın 9-da Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Demir Çelik metallurgiya zavodunda güclü partlayış baş verib. Hadisədən sonra müəssisənin ərazisində yanğın başlayıb.
İlkin məlumatlara görə, partlayış nəticəsində 16 nəfər həyatını itirib, 13 nəfər yaralanıb. Noyabrın 10-da xəstəxanada müalicə alan yaralılardan daha birinin vəfat etməsi ilə ölənlərin sayı 17-yə çatıb.
Hadisənin başvermə səbəbləri araşdırılır. Türkiyənin aidiyyəti qurumları partlayışın şəraitinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirlərini davam etdirirlər.