Rafa Mir 8,5 il həbsə məhkum edildi

İspaniyalı futbolçu Rafa Mir Valensiya məhkəməsi tərəfindən cinsi təcavüz və xəsarət yetirmə işi üzrə 8 il 6 ay həbs cəzasına məhkum edilib. Hökm hələ yekun deyil.

10

İspaniyalı futbolçu Rafa Mir cinsi təcavüz işi üzrə 8 il 6 ay həbs cəzasına məhkum edilib.

MSNews.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Valensiya Əyalət Məhkəməsinin qərarına əsasən, futbolçu cinsi təcavüz və xəsarət yetirmə maddələri üzrə təqsirli bilinib.

“Marca”nın məlumatına görə, hazırda “Elche” ilə əlaqələndirilən Rafa Mir barəsində hökm Valensiyada baş verən hadisə ilə bağlı çıxarılıb. Hadisənin 2024-cü ildə futbolçunun Valensiya yaxınlığındakı evində baş verdiyi bildirilir.

“El País” yazır ki, məhkəmə Miri 8 il 6 ay azadlıqdan məhrum edib və onu zərərçəkmişə 64 min avro kompensasiya ödəməyə məcbur edib.

İş üzrə digər futbolçu Pablo Jara da məhkum edilib. İspaniya mediasının məlumatına görə, o, ayrı epizod üzrə 2 il 6 ay həbs cəzası alıb.

Rafa Mir məhkəmə prosesində ittihamları qəbul etməyib. Onun müdafiə tərəfi münasibətin razılıq əsasında olduğunu iddia edirdi. Lakin məhkəmə zərərçəkmiş tərəfin ifadələrini əsaslı hesab edib.

Bununla belə, hökm hələ yekun deyil. Rafa Mirin müdafiəçiləri qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Rafa Mir daha əvvəl “Valensiya”, “Sevilya”, “Vulverhempton” və “Nottingem Forest” kimi klublarda çıxış edib.