“Domino’s Pizza”nın Böyük Britaniya hesabı İngiltərə Premyer Liqasının yeni mövsümündə ilk dörd turda qol vura bilməyən “Tottenhem”i sosial şəbəkədə ironik paylaşımla ələ salıb.
MSNews.az xəbər verir ki, “Tottenhem” sentyabrın 12-də “Everton”la 0:0 hesablı heç-heçə etdikdən sonra “Domino’s Pizza UK” X sosial şəbəkəsində belə paylaşım edib:
“Tottenhem Premyer Liqada sonuncu dəfə qol vurandan bəri 489 297 478 pizza çatdırmışıq”.
Paylaşım barədə “Goal” və “TA NEA” məlumat yayıb.
“Tottenhem” cari Premyer Liqa mövsümünə “Brentford”a 0:3, “Nyukasl”a 0:2 hesablı məğlubiyyətlərlə başlayıb, ardınca “Nottingem Forest” və “Everton”la qolsuz heç-heçə edib. Beləliklə, Roberto De Zerbinin komandası dörd turdan sonra cəmi 2 xal toplayıb və hələ qol vurmayıb. “Reuters” bunun klub tarixində ilk dəfə baş verdiyini qeyd edir.
London klubunun son Premyer Liqa qolu ötən mövsümün son turunda — 24 mayda məhz “Everton”la qarşılaşmada vurulub. Həmin oyunda Joao Palyinya 43-cü dəqiqədə fərqlənib və “Tottenhem” 1:0 hesablı qələbə ilə liqada qalmasını təmin edib.
Qolsuz başlanğıcı daha diqqətçəkən edən məqamlardan biri klubun yay transferlərinə böyük məbləğ xərcləməsidir. “Sky Sports” sentyabrın 12-də “Tottenhem”in yayda 10 yeni futbolçu üçün təxminən 332 milyon funt xərclədiyini yazıb. Bunlar arasında “Mançester Siti”dən 85 milyon funtluq paketlə alınan Savio da var.