Nesta: “Oğlum İtaliyanı Dünya Çempionatında heç vaxt görməyib”

Alessandro Nesta İtaliyanın ardıcıl üçüncü Dünya Çempionatına vəsiqə qazana bilməməsinin yeni futbol nəslinə təsirindən danışıb.

12

İtaliya millisinin sabiq müdafiəçisi Alessandro Nesta ölkəsinin ardıcıl üç Dünya Çempionatından kənarda qalmasının yeni nəsildə yaratdığı məyusluqdan danışıb.

MSNews.az xəbər verir ki, 2006-cı ildə İtaliya ilə dünya çempionu olmuş Nesta Canluka Qatstsolinin “BSMT” podkastında yayımlanan söhbətdə 18 yaşına yaxınlaşan oğlunun İtaliya millisinin Dünya Çempionatında çıxışını görmədiyini bildirib.

“Oğlumun demək olar ki, 18 yaşı var və o, İtaliyanın Dünya Çempionatında oynadığını heç vaxt görməyib. Ona 2006-cı ildə dünya çempionu olduğumuzu deyəndə buna inanmaqda çətinlik çəkir. Çox təəccüblü şəkildə məndən “Doğrudan?” deyə soruşur”, – Nesta bildirib.

Sitat son günlərdə İtaliya futbolundakı böhranın simvolik ifadəsi kimi geniş yayılıb.

İtaliya 2018 və 2022-ci illərdə keçirilən mundiallara vəsiqə qazana bilməmişdi. Komanda 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin pley-off finalında Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlub olaraq ardıcıl üçüncü dəfə turnirdən kənarda qalıb. Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə Bosniya və Herseqovina 4:1 hesabı ilə qalib gəlib.

Beləliklə, dördqat dünya çempionu İtaliya ən azı 16 il Dünya Çempionatında oyun keçirmədən qalacaq. Komandanın mundialdakı son iştirakı 2014-cü ildə Braziliyada baş tutub. İtaliya həmin turnirdə qrup mərhələsini keçə bilməyib. Milli komandanın Dünya Çempionatındakı son pley-off oyunu isə 2006-cı ildə Fransaya qarşı qazandığı final olub.

Nesta 2006-cı il mundialında İtaliya yığmasının heyətində yer alsa da, Çexiyaya qarşı qrup oyununda zədələnmiş və turnirin qalan hissəsində meydana çıxa bilməmişdi. Buna baxmayaraq, o, İtaliya ilə dünya çempionu adını qazanan heyətin üzvü olub.

İtaliya futbolunda yaranmış vəziyyət təkcə Nesta tərəfindən deyil, hazırkı milli komanda rəhbərliyi tərəfindən də nəsillərarası problem kimi qiymətləndirilir. Yenidən baş məşqçi təyin edilən Roberto Mançini 12 yaşlı nəvəsinin də İtaliyanı Dünya Çempionatında görmədiyini bildirərək əsas məqsədlərindən birinin milli komandanı yenidən mundiala qaytarmaq olduğunu deyib.