Paraqvayda ənənəvi San-Xuan bayramı zamanı Fransa millisinin kapitanı Kilian Mbappenin müqəvvası yandırılıb.
MSNews.az xəbər verir ki, Paraqvayın “ABC Color” nəşri hadisənin Asunsion şəhərindəki “Mercado 4” ərazisində keçirilən San-Xuan tədbiri zamanı baş verdiyini yazıb. Mənbəyə görə, bayramın əsas simvollarından biri olan “Judas Kái” bu dəfə Fransa millisinin ulduzu Kiliyan Mbappe obrazında hazırlanıb.
“Judas Kái” Paraqvayda San-Xuan bayramının ən tanınan ənənələrindən biridir. “Última Hora” yazır ki, əvvəlcə bu mərasimdə İsanı satan Yəhudanı simvolizə edən parça və kağızla doldurulmuş müqəvva yandırılırdı. Lakin illər keçdikcə bu ənənə dəyişib və bəzən ictimaiyyətin narazı qaldığı məşhur şəxslər və ya siyasətçilər həmin obrazda təqdim olunur.
Bu il isə “Judas Kái”nin Mbappe obrazında seçilməsi Paraqvayın Dünya Çempionatının 1/8 finalında Fransaya məğlubiyyəti ilə əlaqələndirilir. Qeyd edək ki, Fransa Paraqvayı 1:0 hesabı ilə məğlub edib və oyunda yeganə qolu penaltidən məhz Mbappe vurub. Bu qələbə Fransa millisini 1/4 finala çıxarıb.
“Última Hora” qeyd edir ki, Asunsionun mərkəzində keçirilən “Sanjuanazo del Centro” tədbirində Mbappe obrazlı müqəvvanın üzərinə futbolçunun adı yazılıb və mərasim zamanı yandırılıb. Nəşr bunu Paraqvay azarkeşlərinin Fransa ilə oyundan sonra emosional reaksiyası kimi təqdim edib.
Hadisə Mbappe ətrafında Paraqvayda yaranan daha geniş müzakirələrin fonunda baş verib. “Reuters” yazır ki, Paraqvay senatoru Seleste Amarilyanın Mbappeyə qarşı irqçi ifadələri böyük qalmaqal yaradıb. Fransa Futbol Federasiyası məsələ ilə bağlı hüquqi addımlar atacağını bildirib, Paraqvay hökuməti isə senatorun sözlərinin ölkənin rəsmi mövqeyini əks etdirmədiyini açıqlayıb.