“Adidas” 2026-cı il FIFA Dünya Kuboku ərəfəsində futbol azarkeşlərinin ev heyvanları üçün xüsusi forma kolleksiyası təqdim edib. Yeni “Pet Collection” seçilmiş milli komandaların ev formalarından ilhamlanıb və dizayn baxımından əsasən futbolçuların geyinəcəyi rəsmi formalara bənzəyir.
İlk mərhələdə kolleksiyaya Argentina, Meksika, Kolumbiya və Yaponiya yığmalarının itlər üçün hazırlanmış formaları daxil edilib. “Footy Headlines”-in məlumatına görə, bu formalar böyüklər üçün nəzərdə tutulan rəsmi ev formalarının kiçildilmiş versiyası kimi hazırlanıb və üzərində “Adidas” loqosu ilə milli federasiyaların gerbləri yer alır.
“Adidas”-ın ABŞ saytında Argentina formasının qiyməti 35 dollar göstərilib və məhsulun mayın 1-dən satışa çıxacağı qeyd olunub. Meksika üçün hazırlanan model də itlərin rahat geyinə bilməsi üçün “interlock” materialdan hazırlanmış futbol köynəyi kimi təqdim edilir.
Meksika mediası yazır ki, kolleksiya mayın 1-dən etibarən seçilmiş bazarlarda satışa çıxarılacaq və Dünya Kuboku ərəfəsində azarkeş məhsullarının daha geniş auditoriyaya — bu dəfə ev heyvanlarına qədər — yayılması strategiyasının bir hissəsidir.
Yeni kolleksiya sosial şəbəkələrdə də maraqla qarşılanıb. Azarkeşlər formaları “dörd ayaqlı fanatlar” üçün sevimli Dünya Kuboku geyimi kimi təqdim edir və xüsusilə Argentina və Meksika modelləri daha çox diqqət çəkir.