Portuqaliyalı mütəxəssis Ruben Amorim İtaliya nəhəngi “Milan”ın yeni baş məşqçisi olacaq.
MSNews.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb. Onun sözlərinə görə, tərəflər arasında şifahi razılaşma əldə olunub və Amorim “rossoneri”nin təklif etdiyi bütün şərtləri qəbul edib.
Məlumata əsasən, 41 yaşlı mütəxəssis “Milan”la 2028-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayacaq. Anlaşmada 2029-cu ilin yayına qədər uzatma opsiyası da yer alır.
“Football Italia” yazır ki, Amorim bir neçə gündür “Milan” rəhbərliyinin əsas namizədlərindən biri idi. Klub daha əvvəl Oliver Qlasner, Mattias Jessle və Maurisio Poçettino kimi mütəxəssislərlə də əlaqələndirilirdi, lakin son mərhələdə seçim Amorimin xeyrinə dəyişib.
“AS”ın məlumatına görə, “Milan” portuqaliyalı məşqçiyə illik təxminən 3,5 milyon avro maaş və bonuslar nəzərdə tutan müqavilə təklif edib.
Ruben Amorim son olaraq “Manchester United”də çalışmışdı. O, İngiltərə klubundan ayrıldıqdan sonra işsiz idi. Portuqaliyalı mütəxəssis daha əvvəl “Sporting”də qazandığı uğurlarla Avropanın ən perspektivli baş məşqçilərindən biri kimi tanınmışdı.
“Milan”da Amorimin əsas vəzifəsi komandanı yenidən sabit nəticələrə qaytarmaq və klubun yeni idman layihəsini formalaşdırmaq olacaq.