Paşinyanın partiyası parlamentdə konstitusion çoxluq qazandı

Ermənistan MSK-sı parlament seçkilərinin yekun mandat bölgüsünü açıqlayıb. Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 105 yerdən 64-nü qazanaraq 3/5 çoxluq əldə edib.

12

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyası yeni parlamentdə 3/5 çoxluq əldə edib.

MSNews.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 7-də keçirilmiş parlament seçkilərindən sonra mandatların yekun bölgüsünü açıqlayıb. MSK sədri Vaaqn Ovakimyanın sözlərinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası 105 yerlik parlamentdə 64 mandat qazanıb.

Hakim partiya 61 mandatı partiya siyahısı üzrə, daha 3 mandatı isə milli azlıqlar üçün ayrılmış yerlər hesabına əldə edib. Bu yerlərdən birinin rus icmasının nümayəndəsinə aid olduğu bildirilir.

Mandat bölgüsünə əsasən, “Güclü Ermənistan” bloku 28 mandat və milli azlıq nümayəndəsi üçün ayrılmış daha 1 mandat əldə edib. Beləliklə, blokun ümumi mandat sayı 29-a çatıb. Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə parlamentdə 12 mandatla təmsil olunacaq.

Mərkəzi Seçki Komissiyası Paşinyanın partiyasının qələbəsini təsdiqləyib və bu nəticə ona təkbaşına hökumət formalaşdırmaq imkanı verir.

64 mandat “Vətəndaş müqaviləsi”nə konstitusion qanunların qəbul edilməsi üçün tələb olunan 3/5 çoxluğu təmin edir. Bununla belə, hakim partiyanın Ermənistan Konstitusiyasına dəyişiklik etmək üçün lazım olan 2/3 ixtisaslı çoxluğu yoxdur.

MSK həmçinin üç seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərarın ümumi nəticələrə təsir etmədiyini bildirib.

Komissiyanın iclası müxalifət nümayəndələrinin MSK binası qarşısında keçirdiyi etiraz aksiyası fonunda baş tutub. “Kavkazskiy Uzel”in məlumatına görə, bir sıra müxalif siyasi qüvvələr, o cümlədən “Güclü Ermənistan”, “Ermənistan” bloku, “Çiçəklənən Ermənistan”, “İşıqlı Ermənistan”, “Erməni Milli Konqresi” və “Milli-Demokratik Qütb” seçkiləri legitim hesab etmədiklərini bəyan ediblər.