Axalayanın həbsi Gürcüstan siyasətində dərin yenidənqurmanın göstəricisidir

Politoloq Gela Vasadze Baço Axalayanın saxlanılmasını Gürcüstanda hakim elita daxilində balansların yenidən bölüşdürülməsi və siyasi sistemin transformasiyası kimi qiymətləndirir.

99

Gürcüstanın sabiq yüksək vəzifəli təhlükəsizlik rəsmisi, prezident Mixail Saakaşvilinin dövründə mühüm postlar tutmuş Baço Axalayanın saxlanılması təkcə rezonans doğuran cinayət işi deyil, ölkənin siyasi sistemində gedən genişmiqyaslı transformasiyanın bir hissəsidir. Bu fikri politoloq Gela Vasadze irəli sürüb.

Onun sözlərinə görə, Axalayanın həbs olunması hakim elita daxilində təsir balansının yenidən bölüşdürülməsinə işarə edir və “Gürcü Arzusu”nun əvvəlki rejimin simvolları vasitəsilə öz siyasi qərarlarını legitimləşdirmək cəhdinin tərkib hissəsidir.

Vasadzenin fikrincə, Baço Axalaya Milli Hərəkat dövrünün həm əsas, həm də ən çox demonizə edilən simalarından biri olub. O, 2005–2008-ci illərdə Ədliyyə Nazirliyinin strukturunda fəaliyyət göstərən Cəzaların İcrası Departamentinə rəhbərlik edib. Bu dövr Gürcüstan penitensiar sistemində kriminal subkulturanın kəskin şəkildə dağıdılması mərhələsi kimi yadda qalıb.

Həmin islahatlar “qanuni oğru” strukturları ilə sərt qarşıdurma şəraitində aparılıb və bəzən insan hüquqları baxımından mübahisəli metodlarla müşayiət olunub. Lakin o dövrün dövlət məntiqinə görə, Axalaya faktiki olaraq dövlətin nəzarətindən kənarda olan sahədə güc administratoru rolunu oynayıb. Məlumatlı mənbələrin qiymətləndirməsinə əsasən, onun penitensiar sistemə təsiri 2012-ci ilə qədər, artıq formal vəzifə daşımadığı halda da davam edib.

Axalaya ailəsinin siyasi çəkisi qardaşı Data Axalayanın – Daxili İşlər Nazirliyinin tərkibində dövlət təhlükəsizlik sisteminə inteqrasiya olunmuş Konstitusiya Təhlükəsizliyi Departamentinin direktoru postunu tutması ilə daha da güclənib. Bu səbəbdən, Axalaya qardaşlarına yönələn zərbələr, faktiki olaraq prezident hakimiyyətinin mərkəzinə endirilmiş siyasi zərbə kimi qiymətləndirilirdi.

Axalaya obrazının demonizasiyasının kulminasiyası 2012-ci ilin sentyabrında baş verən və “həbsxana qalmaqalı” kimi tanınan hadisələrlə bağlıdır. Videogörüntülərin yayımlandığı vaxt Baço Axalaya artıq daxili işlər naziri idi və formal olaraq penitensiar sistemə aidiyyəti yox idi. Buna baxmayaraq, məhz o, qalmaqalın əsas fiquruna çevrildi.

Müxalifətə məxsus “Maestro” və “9-cu kanal” telekanallarında Qldani həbsxanasında zorakılıq səhnələrini əks etdirən görüntülər cəmiyyətdə sarsıdıcı təsir yaratdı. Sonradan ən şokedici epizodların səhnələşdirilmiş olduğu müəyyən edilsə də, seçkiöncəsi gərginlik şəraitində bu faktlar ictimai rəyə təsir göstərə bilmədi. Hakimiyyətin aktiv əks-təbliğat aparmaması isə legitimlik itkisini daha da dərinləşdirdi.

Məhz, bu hadisələr 2012-ci il parlament seçkilərində Vahid Milli Hərəkatın məğlubiyyətində həlledici rol oynadı.

Hakimiyyət dəyişikliyindən sonra Axalaya ölkəni tərk etsə də, daha sonra könüllü şəkildə Gürcüstana qayıdaraq hüquq-mühafizə orqanlarına təslim olub. O, məhkəmə yolu ilə reabilitasiyaya ümid etsə də, uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və yalnız 2022-ci ildə azadlığa buraxılıb.

Siyasətdən uzaq qalmaq niyyəti şəxsi strategiya baxımından məntiqli görünsə də, Vasadzenin fikrincə, Axalaya fiqurunun simvolik yükü düzgün qiymətləndirilməyib.

2025-ci ildə onun yenidən gündəmə gətirilməsi “Gürcü Arzusu”nun təşəbbüsü ilə siyasi meydanın yenidən formatlanması prosesi ilə üst-üstə düşür. Milli Hərəkatın müstəqil siyasi aktor kimi faktiki zəiflədiyi şəraitdə keçmiş rejimin simvollarına qayıdış hakimiyyət daxilində səfərbərlik və yeni idarəetmə qərarlarının legitimləşdirilməsi vasitəsinə çevrilir.

Politoloq vurğulayır ki, bu proses müxalifətə təzyiqdən çox, hakim elita daxilində balansların yenidən bölüşdürülməsi ilə bağlıdır. Bu baxımdan, uzun müddət hakim sistemin dayaqlarından biri kimi qəbul edilən Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluaşvilinin həbsi də diqqətçəkən siqnaldır.

Bundan əlavə, 2025-ci ilin oktyabrında prezident sarayına mümkün hücumla bağlı istintaq da bu ümumi siyasi rekonstruksiya kontekstində dəyərləndirilir. Vasadzenin fikrincə, Axalaya işi səbəb deyil, alətdir və daha geniş siyasi arxitekturanın yenidən qurulmasının bir elementidir.

Nəticə etibarilə, Baço Axalayanın saxlanılması təkcə fərdi hadisə deyil, sistemli keçidin simptomu kimi qiymətləndirilməlidir. Qarşıda yeni siyasi turbulentlik mərhələsi dayanır və bu prosesdə baş nazir İrakli Kobaxidzenin komandasının gələcəyi, eləcə də, onun Bidzina İvanişvilinin strateji qərarlarından nə dərəcədə müstəqil olduğu məsələsi ön plana çıxacaq.

Tarixi təcrübə isə dəyişməz qalır: siyasi transformasiyalar kontekstə nəzarəti itirənləri nadir hallarda qoruyur.