Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Yardımlı olub. 7–11 sentyabr tarixlərində keçirilən proqram yüzlərlə gənci müxtəlif maarifləndirici və inkişafyönümlü fəaliyyətlər ətrafında birləşdirib.
MSNews.az xəbər verir ki, layihə Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərlə, gənclər üçün” devizi altında keçirilib.
Açılış mərasimində Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının müavini Miramil Səmədli və Gənclər Fondunun Daxili nəzarət və monitorinq şöbəsinin müdiri İsmayıl Süleymanov çıxış edərək layihənin region gənclərinin maarifləndirilməsi, şəxsi və peşəkar inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.
Proqram çərçivəsində gənclər peşə seçimi və karyera planlaması, könüllülük, rəqəmsal inkişaf və yeni texnologiyalar, sağlam həyat tərzi kimi mövzularda interaktiv təlimlərdə iştirak ediblər. Yardımlı Peşə Mərkəzi tərəfindən sərgi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən isə ekoloji maarifləndirici tədbirlər təşkil olunub. Köryədi kənd tam orta məktəbində keçirilən görüşdə ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və gənclərin ekoloji məsuliyyəti əsas mövzular sırasında olub.
Layihə çərçivəsində yaradılan “Vətənpərvərlik”, “Təhsil və karyera”, “Rəqəmsal düşüncə”, “Fiziki aktivlik və sağlamlıq”, “Yaradıcı gənclik” və “Əyləncə” zonalarında intellektual yarışlar, viktorinalar və master-klasslar keçirilib. Fəaliyyətlərdə fərqlənən iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Azərbaycan Respublikasının Gənclər Fondunun məlumatına görə, 2019-cu ildən həyata keçirilən layihənin əsas məqsədi regionlarda, o cümlədən ucqar yaşayış məntəqələrində yaşayan gənclərin dövlət tərəfindən yaradılmış imkan və xidmətlərə çıxışını artırmaq, onların ictimai fəallığını və şəxsi-peşəkar bacarıqlarını inkişaf etdirməkdir.
Layihənin 2026-cı il proqramı noyabr ayınadək ümumilikdə 20 şəhər və rayonu əhatə edəcək. Gənclər Fondunun əvvəlki açıqlamasına görə, cari il üzrə layihəyə 8 mindən çox gəncin cəlb olunması nəzərdə tutulur.









