Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxının Pirqulu qəsəbəsində yeni istifadəyə verilən “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər.
MSNews.az xəbər verir ki, “Moderngroup” MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlət başçısına və birinci xanıma kompleksdə yaradılan şərait barədə məlumat verib.
Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında yerləşən kompleks 16 hektar ərazini əhatə edir. Burada iki hotel binası, müxtəlif kateqoriyalı 175 nömrə və 2 kottec yaradılıb. Kompleks eyni vaxtda 366 qonağı qəbul edə bilir.
Hoteldə restoran və kafelərlə yanaşı, görüş və təlimlərin keçirilməsi üçün 160 nəfərlik zal fəaliyyət göstərəcək.
Ərazidə həmçinin 600 nəfərlik konqres binası, uşaq əyləncə mərkəzi və amfiteatr yaradılıb.
Yeni kompleks Pirqulunun təbii və turizm imkanlarından istifadə etməklə Şamaxıda yerləşdirmə və tədbir infrastrukturunun genişləndirilməsinə xidmət edəcək.





