İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dövlət səfəri çərçivəsində Daşkəndə gəliblər. Azərbaycan Prezidentinin “Kuksaroy” Dövlət İqamətgahında rəsmi qarşılanma mərasimi keçirilib.

24

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 23-də Özbəkistana dövlət səfərinə gəlib. Dövlət başçısını səfərdə birinci xanım Mehriban Əliyeva müşayiət edir.

“Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddəki Müstəqillik abidəsini ziyarət ediblər. Dövlət başçısı abidənin önünə əklil qoyub. “APA”-nın məlumatına görə, “Yangi Uzbekiston” kompleksində yerləşən abidə Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə ucaldılıb və onun kompozisiyasını sülh, azadlıq və xoşbəxtliyi simvolizə edən Humay quşu tamamlayır.

Azərbaycan Prezidenti və birinci xanım həmçinin Daşkənddəki Heydər Əliyev Meydanını ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyublar.

Daha sonra “Kuksaroy” Dövlət İqamətgahında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib. Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirilib, prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər və nümayəndə heyətlərinin üzvləri təqdim olunub. Mərasimin sonunda İlham Əliyev və Şavkat Mirziyoyev birgə foto çəkdiriblər.

Özbəkistan Prezidentinin administrasiyasının məlumatına görə, dövlət səfəri 23-24 avqust tarixlərini əhatə edir. Proqrama iki ölkə liderlərinin yüksək səviyyəli danışıqları və Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası daxildir. Görüşlərdə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi, ticarət, biznes və regionlararası əməkdaşlıq, nəqliyyat-tranzit imkanları, eləcə də mədəni-humanitar əlaqələrin genişləndirilməsi müzakirə olunacaq. Danışıqların yekununda bir sıra sənədlərin imzalanması və iqtisadi-humanitar layihələrin işə salınması gözlənilir.