Rusiyada Ukrayna müharibəsi iştirakçıları məktəblərə müəllim götürülür

Rusiyada Ukrayna müharibəsi veteranlarına məktəb və uşaq bağçalarında iş təklif edilir. Ən azı 50 regionda tətbiq olunan yeni qaydalar diqqət çəkib.

45

Rusiyada Ukraynaya qarşı müharibədə iştirak etmiş hərbçilərin məktəblərdə, uşaq bağçalarında və digər təhsil müəssisələrində işə götürülməsi üçün xüsusi kvotalar tətbiq olunur. Müharibə veteranlarına ibtidai sinif müəllimi, tərbiyəçi və məktəb psixoloqu kimi vəzifələr təklif edilir.

MSNews.az xəbər verir ki, bu barədə Rusiyanın müstəqil “Meduza” nəşrinin araşdırmasında bildirilir. Müharibə iştirakçıları üçün ayrılan vakansiyalar universitetləri, kollecləri, muzeyləri və teatrları da əhatə edir.

Araşdırmaya əsasən, Rusiyanın ən azı 50 regionunda müharibə veteranlarının işlə təmin olunmasına dair kvotalar qüvvədədir. Əksər bölgələrdə işəgötürənlərdən iş yerlərinin 1 faizini veteranlara ayırmaq tələb olunur. Bəzi regionlarda isə bu göstərici 3-4 faizə çatır.

Diqqətçəkən məqamlardan biri də işə qəbul zamanı tibbi məlumatlarla bağlı məhdudiyyətlərdir. Rusiya hökumətinin tövsiyələrinə əsasən, işəgötürənlər veteranlardan yaralanma və posttravmatik stress pozuntusu (PTSP) barədə tibbi arayış tələb edə, yaxud bu diaqnozla bağlı qeydləri onların şəxsi işlərinə daxil edə bilməzlər.

Bununla belə, müəyyən cinayətlərə görə məhkumluğu olan şəxslərin uşaqlarla işləməsinə dair qanuni məhdudiyyətlər qüvvədə qalır.

“The Moscow Times” yazır ki, yeni kvotalar çərçivəsində veteranlara mədəniyyət müəssisələrində də iş imkanları yaradılır. Onlar üçün balet artisti, xor solisti və elmi işçi kimi vakansiyalar da nəzərdə tutulub.

Qeyd edək ki, kvota sistemi 2026-cı ildə regionlarda tətbiq olunmağa başlayıb. Rusiya hakimiyyəti bu tədbirləri müharibə iştirakçılarının mülki həyata uyğunlaşdırılması və məşğulluğunun təmin edilməsi siyasəti çərçivəsində həyata keçirir.

 

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti