Züqanov Paşinyanın Moskvada qəbul edilməməsini tələb etdi

Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov Dövlət Dumasında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın bundan sonra Moskvada qəbul edilməməsini tələb edib.

Rusiya Kommunist Partiyasının lideri, Dövlət Dumasının deputatı Gennadi Züqanov Ermənistanın baş naziri Nikol Paşinyanın bundan sonra Moskvada qəbul edilməməsini tələb edib. O, bu barədə Dövlət Dumasının plenar iclasında çıxış edərkən bildirib.

MSNews.az xəbəri “Agentstvo” nəşrinə istinadən verir.

Züqanovun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvanda səsləndirdiyi fikirlər Rusiyaya qarşı təhdid kimi qiymətləndirilməlidir. O, Zelenskinin adını birbaşa çəkməsə də, onun Avropa Siyasi Birliyinin İrəvan sammitində Qırmızı meydan üzərində dron təhlükəsi ilə bağlı çıxışını nəzərdə tutub.

RFKP lideri bildirib ki, İrəvandan Rusiyanın Qırmızı meydanının hədəfə alınması ilə bağlı fikirlərin səslənməsi “təsəvvürəgəlməz” haldır. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi belə bəyanatlara meydan verdiyi halda, Paşinyanın Moskvada qəbul olunması sual doğurur.

“Ortaya sual çıxır: niyə onlar buna İrəvanda imkan verirlər və niyə Paşinyanı Moskvada qəbul edirlər? Mən təkid edirəm ki, bu şəxs, ona necə səs vermələrindən asılı olmayaraq, daha bizim paytaxtımızda görünməsin”, — deyə Züqanov bildirib.

Züqanov Paşinyanın Rusiyaya qarşı “təhqir və alçaltma” addımı atdığını iddia edib və bunun xüsusilə 9 May Qələbə Günü ərəfəsində daha ağır qəbul olunduğunu vurğulayıb. Onun çıxışı Moskva ilə İrəvan arasında son günlər artan diplomatik gərginlik fonunda səslənib.

Kreml daha əvvəl Ermənistanı Zelenskiyə İrəvanda “anti-Rusiya bəyanatları üçün platforma” yaratmaqda ittiham etmişdi. Rusiya tərəfi Ermənistan səfirini də çağıraraq, Zelenskinin İrəvandakı çıxışı ilə bağlı izahat tələb etmişdi.